05 iyun 2025 11:28
151

Mərakeşdə Qurban kəsmək qadağan edildi

Mərakeş administrasiyası “quraqlıq və heyvanların sayının azalması” səbəbindən Qurban bayramı öncəsi heyvan bazarlarını bağladı və heyvanların kəsilməsi ilə bağlı bütün ticarət fəaliyyətini müvəqqəti olaraq qadağan edib.

İki sahil” xəbər verir ki, 7 ildir şiddətli quraqlıqla mübarizə aparan və yağıntıların 30 illik orta göstəricidən 53 faiz aşağı olduğu Mərakeşdə Qurban bayramı öncəsi heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib.

Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərinin yerli hökumətlərə göndərdiyi təlimatlar çərçivəsində heyvan bazarları da bağlanıb.

Qanunsuz satışın qarşısını almaq üçün bəzi rayonlarda yoxlamalar artırılıb.

Qərarın ölkədə son illərdə artan quraqlıq, heyvan ehtiyatının azalması və xərclərin artması ilə əlaqədar verildiyi açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə son 7 ildir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub. Yağıntıların miqdarı son 30 ilin orta göstəricisindən 53% aşağı qalıb. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.

Mərakeş kralı VI Məhəmməd fevral ayında Qurban bayramı ilə bağlı verdiyi açıqlamada xalqı bu il qurban kəsməkdən çəkinməyə çağırıb.

İslamda qurban kəsməyin güclü bir sünnə olduğunu vurğulayan kral mövcud çətinliklərə görə bu ibadətin aztəminatlı təbəqələr üçün ağır yükə çevrilə biləcəyini bildirib.

Mərakeş kralı Mərakeş xalqı adından simvolik olaraq qurban kəsəcəyini bəyan etmişdi.

Ölkədəki insanlardan 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən çəkinmələri istənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”