Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ Prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai münaqişəyə münasibət bildirib.
“İki sahil” “Le Figaro”ya istinadən xəbər verir ki, fransalı nazir qarşıdurmanı “proqnozlaşdırıla bilən” adlandırıb və siyasətlə ictimai maraqların bir araya sığmadığını bildirib. “Düşünürəm ki, bu, gözlənilən idi. Bu ikisinin yola getməyəcyi bəlli idi”, - o deyib.
Trampla Mask arasında açıq mübahisə dünən, ABŞ Prezidentinin “Maskın köməyi olmadan da seçkini qazanardım” bəyanatından sonra başlayıb. Cavab olaraq Mask “X” sosial şəbəkəsində bir sıra paylaşımlar dərc edib və qeyd edib ki, onun dəstəyi olmasaydı, Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarəti saxlayardı, Respublikaçılar isə Senatda 49 yerə qarşı cəmi 51 yerə sahib olardı. Biznesmen həmçinin Trampın impiçmenti ideyasını da bəyənib, Ağ Evin hökumət xərclərinin azaldılmasına dair qanun layihəsini, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və 2025-ci ilin ikinci yarısında Amerika iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırıb.
Tramp isə öz növbəsində Maskın Amerika hökumətinin işinə nəzarət edərkən işini effektiv yerinə yetirə bilmədiyini söyləyib. Ağ Evin rəhbəri Maskı onun şirkətləri, o cümlədən “SpaceX” ilə hökumət müqavilələrini ləğv etməklə və onlara verilmiş bütün subsidiyaları ləğv etməklə hədələyib.