Finlandiya hökuməti daimi yaşayış icazəsi almaq üçün şərtləri dəyişdirən qanun layihəsini təsdiqləyib. Yeni qaydalar 2026-cı il yanvarın 8-dən qüvvəyə minəcək.
“İki sahil” Finlandiya mətbuatına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, daimi yaşayış icazəsi əldə etmək üçün aşağıdakılar tələb olunacaq: Finlandiyada 6 il fasiləsiz yaşayış (indi 4 ildir); fin və ya isveç dilini qənaətbəxş səviyyədə bilmək; ən azı iki il iş təcrübəsi.
Aşağıdakı şərtlərdən biri yerinə yetirildikdə, 4 illik yaşayışdan sonra yaşayış icazəsi almaq üçün alternativ yol da tətbiq edilir: illik minimum 40 min avro; Finlandiyada magistr/aspirantura dərəcəsi və 2 il iş təcrübəsi; çox yaxşı səviyyədə fin və ya İsveç dili biliyi və 3 illik iş təcrübəsi.
Bundan əlavə, müraciət edən şəxs üç aydan çox müddətə işsizlik müavinəti və ya sosial yardım almamalıdır.
Finlandiya universitetlərinin magistratura, aspirantura və ya bakalavr pilləsini bitirmiş məzunlar (dil bilikləri olmaqla) yaşayış müddəti tələbi olmadan daimi yaşayış icazəsi ala biləcəklər.
Ümumi tələblər də qalır: pasportun olması, ictimai asayiş üçün təhlükə törətməmək və s.