Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə dəstəyi ilə “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi–5” layihəsinə start verilib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində Bakı şəhərindən olan bir qrup ziyalının Keşikçidağ kurqanlar vadisində yerləşən “Yovşanlıdərə” kurqanlarına ekskursiyası təşkil edilib. Ekskursiya zamanı iştirakçılar aparılan elmi arxeoloji qazıntılarla yerində tanış olub, ekspedisiyanın elmi rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfov tərəfindən ətraflı məlumatlandırılıblar.
Yay məktəbi çərçivəsində Keşikçidağ ərazisində yerləşən kurqanların elmi tədqiqi, qədim insan məskənlərinin lokalizasiyası, dəfn adətlərinin və maddi-mədəniyyət nümunələrinin sistemli şəkildə öyrənilməsi istiqamətində mühüm elmi nəticələr əldə edilməkdədir. Layihə, həmçinin yerli və beynəlxalq tələbə və tədqiqatçılar üçün nəzəri biliklərin praktikaya tətbiqi baxımından mühüm tədris və təcrübə platforması rolunu oynayır.