12 iyun 2025 17:23
171

Vəziyyət ciddidir: ABŞ İsrailin İrana zərbə endirməsinə hazırlaşır

ABŞ hakimiyyəti İraq, Bəhreyn və Küveytdən diplomatlarının qismən təxliyəsinə başlayıb və həmçinin Yaxın Şərqdəki Amerika hərbçilərinin ailə üzvlərinə İsrailin İrana hücumu ehtimalı ərəfəsində könüllü olaraq bölgəni tərk etməyə icazə verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Bildirilir ki, Vaşinqton İsrailin hücumlarına Tehranın cavabının ABŞ obyektlərinə zərbələr endirəcəyindən ehtiyat edir. KİV-in məlumatına görə, İsrail hakimiyyəti İranın nüvə probleminin həlli üçün Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyişin olmaması fonunda İrana zərbələr endirməyi planlaşdırır.

“The New York Times” öz mənbələrinin adını çəkmədən “ABŞ və Avropadakı rəsmilərə görə, İsrail yaxın gələcəkdə İranı vurmağa hazırlaşır” yazıb. Hücum Yaxın Şərqdəki vəziyyəti daha da qızışdıra və Tramp administrasiyasının İranın nüvə bombası yaratmaq yolunu kəsməyə yönəlmiş saziş bağlamaq səylərini poza və ya gecikdirə bilər.

ABŞ və Avropa ölkələrinin nümayəndələri açıq şəkildə bu məlumatı təsdiq və ya təkzib etmirlər. İsrail hakimiyyəti də bu xəbərləri şərh etmir.

Böyük Britaniya hökuməti, öz növbəsində, Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazından keçən gəmiləri daha diqqətli olmağa çağıraraq, regionda ticarət gəmiçiliyinə artan təhlükə barədə xəbərdarlıq edib.

“The Washington Post” qəzeti yazır ki, Amerika kəşfiyyat agentlikləri İsrailin ABŞ-ın razılığı olmadan İranın nüvə obyektlərinə zərbələr endirmək qərarına gəlməsindən getdikcə daha çox narahatdırlar. Qəzet proqnoz edir ki, belə bir addım Tramp administrasiyasının nüvə danışıqlarını pozacaq və İran regiondakı Amerika aktivlərinə cavab zərbəsi endirəcək.