24 iyun 2025 17:15
141

AMB: Açıq bankçılıqla bağlı genişmiqyaslı layihələrin icrası planlaşdırılır

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq konsepsiyası üzərində fəal şəkildə işləyir və bu sahədə genişmiqyaslı layihələrin icrasını planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu qurumun nümayəndəsi Fidan Tofidi Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

Onun sözlərinə görə, açıq bankçılıq AMB-nin həyata keçirdiyi ən böyük layihələrdən biridir: “Bir neçə gün əvvəl banklar və fintex şirkətləri ilə görüşlər keçirmişik. Bu layihə ümumilikdə maliyyə sektorunun transformasiyasına gətirib çıxaracaq. Açıq API-lar vasitəsilə yeni məhsullar və xidmətlər yaradılacaq, hər kəs üçün bərabər imkanlar təmin olunacaq. Bu da öz növbəsində fintek sektorunun daha sürətli inkişafına təkan verəcək”.

AMB rəsmisi qeyd edib ki, 2024–2026-cı illəri əhatə edən yeni strateji dövr çərçivəsində qurumun əsas prioritetlərindən biri Rəqəmsal Mərkəzi Bank konsepsiyası olacaq: “Hazırda bu konsepsiya üzərində aktiv işlər aparılır. Bir çox təşəbbüs və layihələr nəzərdə tutulub. Hələlik onların adlarını açıqlaya bilmərik, çünki proses davam edir”.

O, "ağıllı tənzimləmə" modelindən də danışıb: “Bu model daha çevik, risk əsaslı və maraqlı tərəflərlə birgə hazırlanan tənzimləmə yanaşmasını özündə ehtiva edir. Rəqəmsal ödənişlər və maliyyə inklüzivliyinin artırılması istiqamətində də işlər prioritet olaraq davam etdiriləcək”.

F.Tofidi əlavə edib ki, "Açıq bankçılıq" layihəsi bu strateji dövr ərzində tamamlanmayacaq: "Növbəti mərhələdə layihənin “açıq maliyyə” konsepsiyası səviyyəsinə yüksəldilməsi planlaşdırılır. Bütün maliyyə sektoru vahid API ekosisteminə qoşularaq yeni xidmət modelləri təqdim edə biləcək. Məqsədimiz rəqəmsal maliyyə ekosistemi yaratmaqdır. Bu ekosistemə nəinki tənzimləyici qurumlar, həmçinin startaplar, tədqiqatçılar, dövlət və özəl sektor nümayəndələri də daxil olacaq”.

O, innovasiya və tənzimləmə məsələlərinə də toxunub: “İnnovasiyanı təşviq edən mühitdə tənzimləyicidən gözləntilər aydın qaydalar, çevik qərarvermə və bərabər imkanlardır. Biz də AMB olaraq, qanunvericiliyin formalaşdırılmasında bu prinsiplərə əməl etməyə çalışırıq. İnnovasiyanı tənzimləməsək, bu proses nəzarətsiz istiqamətə yönələ bilər. Ona görə də biz yalnız tənzimləyici qurum deyil, həm də ekosistemin tərəfdaşı olmağa çalışırıq”.

AMB nümayəndəsi vurğulayıb ki, gələcəkdə tənzimləmənin əsas məqsədi birgə dəyərin yaradılması olmalıdır: “Sağlam ekosistemin qurulması üçün aydın qaydalar və cəsarətli addımlar vacibdir. Bu şərtlər yerinə yetirildikdə, innovativ, dayanıqlı və rəqabətədavamlı maliyyə mühiti mümkün olacaq”.