25 iyun 2025 11:58
125

Azərbaycan BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalayacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanacaq.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq saziş üzrə danışıqlar tamamlanıb: “Bu sazişi imzalamaq üçün münasib vaxt gözləyirik. Bu razılaşma ticarətin artmasına və qarşılıqlı investisiya axınına müsbət təsir göstərəcək. Saziş hər iki ölkənin qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Ümid edirəm ki, sənəd 2025-ci ilin sonuna və ya 2026-cı ilin əvvəlinə artıq qüvvədə olacaq”.

M.Cabbarov əlavə edib ki, Azərbaycan BƏƏ arasında qarşılıqlı imkanların mövcud olduğu bir neçə layihə müəyyən edilib: “Mövcud layihələr üzrə əməkdaşlığı genişləndirməyi və yeni birgə layihələrə başlamağı hədəfləyirik. Bu layihələrdən bəziləri artıq 2028-ci ildə öz bəhrəsini verəcək. Misal üçün, Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilatı qeyd edim. 2028-ci ilin sonunadək orada hasilat illik 5 milyard kubmetrə çatacaq. Bununla bağlı çox optimist yanaşırıq. Tərəfdaşlıq üçün geniş imkanlar olan sektorlara gəldikdə, ticarət, nəqliyyat və logistika, süni intellekt, Data mərkəzləri, daşınmaz əmlak, maliyyə, rəqəmsal bankçılıq istiqamətləri üzrə layihələri həyata keçirmək üçün real imkanlar var".