25 iyun 2025 16:25
126

1 hektarı cəmi 114 manata: Kələm sahələrinin sığortası davam edir/ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə tərəvəz bostan məhsullarının sığortası davam edir.

“İki sahil” xəbər verir ki, aqrar sığortanın müxtəlif hadisələrdən və təbii fəlakətlərdən qoruduğu bitkilərdən biri də kələm əkinləridir.

Azərbaycanda kələm təqribən 4 min hektar ərazidə əkilir. Ən böyük kələm əkinləri Bərdə (906 ha), Şəmkir (600 ha), Gədəbəy (390 ha), Qusar (510 ha), Xaçmaz (106 ha), Ağdaş (172 ha), Balakən (119 ha), Zaqatala (118 ha), Quba (90 ha) və sair rayonlarında yerləşir.

Kələm bol məhsul verən bitkidir –hər hektar kələm sahəsindən orta hesabla 22 ton məhsul yığılır, bəzi rayonlarda bu göstərici 27 tona çatır.

İqlimə həssaslığı nəticəsində kələm təbiət risklərinə qarşı çox həssasdır. İstənilən təbiət hadisəsi kələmi zədələyə və onun məhsuldarlığını və dəyərini azalda bilər.

Bitkini belə hallardan yalnız aqrar sığorta vasitəsilə qorumaq mümkündür. Aqrar Sığorta Fondu kələm əkinlərini – dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən qoruyur.

Sığorta haqqına 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi ödənişlə kələm sahələrini sığorta edə bilərlər. Belə ki, ölkənin ən çox kələm əkildiyi Qarabağ, Şimal və Mərkəzi Aran regionlarında 1000 manatlıq kələmin sığortalanması fermerə 8,5-9,5 manata başa gəlir. Məsələn, Xaçmaz rayonunda kiloqramın qiyməti 40 qəpik olmaqla 30 ton məhsul yığılan, yəni 12 min manatlıq məhsul gözlənilən 1 hektar kələm sahəsin sığorta etmək üçün fermer cəmi 114 manat ödəyir.

Kələm sahəsini doludan keyfiyyət itkisindən – dolu vurması nəticəsində məhsulunun əmtəə keyfiyyətinin, yəni görünüşünün itirilməsindən və nəticədə qiymətinin aşağa düşməsindən də sığortalamaq mümkündür. Bu sığorta riskinin də əlavə edilməsi sığorta haqqını hər 1000 manat kələm üçün təqribən 1 manat artıracaq.

Ölkənin bölgələri üzrə kələm sığortası tarifləri fərqlidir. Azərbaycanın müxtəlif regionlarında kələm sahəsini sığorta etmək üçün fermerin ödəməli olduğu məbləğlər aşağıdakı kimidir.

Azərbaycanın müxtəlif regionlarinda 1000 manatlıq kələm məhsulunun sığorta qiyməti:

Gəncə-Daşkəsən – 16,8 manat

Mərkəzi Aran – 8,5 manat

Quba-Xaçmaz – 9,5 manat

Şəki-Zaqatala – 20,4 manat

Dağlıq Şirvan – 11,0 manat

Lənkəran-Astara – 10,0 manat

Abşeron-Xızı – 8,0 manat

Qarabağ – 16,8 manat

Bakı – 10,1 manat

Qazax-Tovuz – 16,8 manat

Şərqi Zəngəzur – 16,8 manat

Mil-Muğan – 8,5 manat

Şirvan-Salyan – 8,5 manat

Aqrar Sığorta Fondu kələm becərən femerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.

Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.