26 iyun 2025 01:57
104

Narkotik xassəli bitkilərin yetişdirilməsi ilə mübarizə sağlam gələcəyin təməlidir

Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genefondunun mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək məqsədilə narkomanlığın, narkotik xassəli bitkilərin yetişdirilməsinin qarşısının alınması və aşkarlanaraq məhv edilməsi ümumdövlət vəzifəsi olduğunu başa düşərək, aqrar sahə mütəxəssisləri özlərinin gündəlik fəaliyyətlərində bu məsələni daim diqqət mərkəzində saxlayırlar.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün İş Planı təsdiq edilmişdir. İş Planıa uyğun olaraq, cari ilin yanvar-iyun ayları ərzində narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar edilərək məhv edilməsi məqsədilə yerli orqanlarla birlikdə xüsusi axtarış tədbirlərində iştirak etməklə təsərrüfatlara, həyətyanı sahələrə və ərazilərə baxış reydləri keçirilmişdir.

Reydlər zamanı becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatlar, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materiallar tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.

Nazirliyin rayon təşkilatlarının mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən Lənkəran, Cəlilabad, Ağdaş, Yardımlı, Yevlax, Zaqatala, Salyan, Neftçala, Quba, Xaçmaz, Göyçay rayonlarında, Şirvan və Gəncə şəhərlərində kənd təsərrüfatı bitkilərinin toxum satışı obyektlərində reydlər keçirilmişdir.

Eyni zamanda bildiririk ki, cari ildə bəzi rayonlarda rayon Polis şöbələrinin (RPŞ) əməkdaşları və nazirliyin mütəxəssisləri tərəfindən münbit torpaq sahələrində, meşə zolaqlarında və həyətyanı sahələrdə əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkar edilərək məhv edilmişdir. Belə ki, Tovuz RPŞ-nin əməkdaşları ilə birlikdə Nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Tovuz rayon Semzavod qəsəbəsi korpus 9-da yerləşən Salmanov Rövşən İslam oğluna məxsus evdən plastik qabda hündürlüyü 6-15 sm ölçülərdə olmaqla 5 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Oğuz RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Kərimli kəndinin boş ərazisində 50 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar olunmuşdur. Yenə də Oğuz RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun 15 saylı Daşağıl Meşəbəyliyinin 7-ci dolayının 74-cü kvartalında yeni salınmış bağ sahəsində 600 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar olunmuşdur.

Astara RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Astara şəhəri Səməd Vurğun 75 ünvanında yaşayan Vahabov Fuad Novruzəli oğluna məxsus evin həyətyanı sahəsindən 6 ədəd hündürlüyü 40-120 sm ölçülərində aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Yenə də Qazax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Bakı-Qazax avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsinin sağ kənarında 5331 ədəd hündürlüyü 50-130 sm ölçülərdə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qazax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Qazax rayon Yuxarı Salahlı kəndinin dövlət torpağı ərazisində 3312 ədəd hündürlüyü 90-140 sm ölçülərdə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Lerik RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Qılqlov kənd sakini Zahidov Hidayət Xəlil oğluna məxsus evin həyətyanı sahəsindən 10 ədəd, yaşadığı evdən təxminən 2 km uzaqlıqda yerləşən meşə massivində 311 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onların qarşısının alınması sahəsində Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində mübarizə işlərinin gücləndirilməsi tövsiyə olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səlahiyyətləri daxilində aidiyyəti qurumlarla birlikdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Zəhra Rəhimova,
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin məsləhətçisi