26 iyun 2025 23:23
144

Elçin Əmirbəyov: Cənubi Qafqaz həm imkanlar, həm də çağırışlar qarşısındadır

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikada keçirilən tədbirdə mühüm açıqlamalar verib.

“İki sahil” xəbər verir ki, bu barədə Meksikanın "Revista Mundo Internacional" jurnalında məqalə dərc edilib.

Bildirilib ki, Prezidentin nümayəndəsi Matias Romero İnstitutunda keçirilən görüşdə iştirakçılara Azərbaycanın strateji prioritetlərini, Ermənistanla sülh danışıqlarının gedişatını və Meksika ilə əlaqələrin inkişaf perspektivlərini izah edib. Meksikada rəsmi səfərdə olan Əmirbəyov institutun təşkil etdiyi açıq mühazirədə tələbələrə, diplomatlara və digər qonaqlara müraciət edib. Tədbirə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da qatılıb.

E.Əmirbəyov çıxışında üç əsas mövzunu vurğulayıb: Azərbaycan-Meksika münasibətlərinin gələcəyi, Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər və Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesi.

"Coğrafi olaraq uzaq olsaq da, beynəlxalq məsələlərdə ortaq mövqeyə əsaslanan fəal və qurucu siyasi dialoq qurmuşuq", - deyə Əmirbəyov iki ölkə arasındakı əlaqələri qiymətləndirib. O, BMT çərçivəsində hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşdığını bildirib.

Diplomat xüsusi olaraq ADA Universiteti ilə Matias Romero İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna diqqət çəkib. O, bu sazişin müəllim və tələbə mübadiləsi yolu ilə iki cəmiyyəti bir-birinə yaxınlaşdıracağını ifadə edib.

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin 239 milyon dollar olduğunu, lakin bunun əhəmiyyətli dərəcədə artırıla biləcəyini qeyd edib. "Ticarəti inkişaf etdirmək üçün ümumi maraq doğuran sahələri müəyyən etməliyik", - deyə Əmirbəyov vurğulayıb.

Cənubi Qafqazda baş verən dəyişiklikləri təhlil edərkən diplomat yeni dünya nizamının formalaşdığını bildirib, köhnə ittifaqların dəyişdiyini, yeni quruluşların meydana çıxdığını ifadə edib. "Regionumuz həm böyük imkanlar, həm də ciddi çağırışlar qarşısındadır",- deyə o qeyd edib.

Prezidentin nümayəndəsi Azərbaycanın Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat mərkəzi kimi strateji rolunu xüsusi vurğulayıb. O, hərbi bloklara qoşulmamaq və müstəqil xarici siyasət yeritmək prinsipinin ölkəyə etibarlı tərəfdaş imicı qazandırdığını bildirib:

"Bu yanaşmamız sayəsində etibarlı, proqnozlaşdırıla bilən və güvənilən tərəfdaş kimi tanınırıq. Eyni zamanda regionlar arasında danışıqlarda aktiv vasitəçi rolunu oynayırıq. Bu mövqeyimiz Bakının COP29-a ev sahibliyi etməsinə səbəb olub və biz qlobal səviyyədə tarixi razılaşmaların qurulmasına kömək edirik", - Əmirbəyov qeyd edib.

Onun sözlərinə görə, Ermənistanla sülh müqaviləsi ilə bağlı tərəflər heç vaxt olmadığı qədər yaxındırlar.

"Lakin iki əsas maneənin aradan qaldırılması lazımdır. Birincisi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, ikincisi isə köhnəlmiş və faydasız hesab edilən "vasitəçilik mexanizmlərinin" ləğvidir", - deyə Əmirbəyov vurğulayıb.