27 iyun 2025 15:04
102

Azərbaycanın Silahlı Qüvvələr Günü Pekində qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-cı ildönümü münasibətilə Pekində mərasim keçirilib.

“İki sahil” xəbər verir ki, Çin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin, xarici dövlətlərin Pekindəki hərbi attaşelərinin, diplomatların, bu ölkədə yaşayan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səslənib.

Ölkəmizin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov Azərbaycan Silahlı Qüvvələrinin uzun, keşməkeşli, parlaq qələbələrlə dolu şərəfli bir yol keçdiyini qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tərəfindən uğurla davam etdirilib. Polkovnik Teyfur Rüstəmov 30 ilə yaxın işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi və BMT-nin qəbul etdiyi qətnamələrinin icrasının beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində təmin olunması istiqamətində dövlət rəhbərliyinin həyata keçirdiyi diplomatik səylərlə yanaşı, dövlətimiz özünümüdafiə qüvvələrinin və mütəşəkkil Silahlı Qüvvələrin yaradılması və inkişafı prosesi ilə məşğul olmaq imkanı qazandığını vurğulayıb.

Bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və sonrakı əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında parlaq qələbələr qazanıb. Ölkəmizin müdafiə qüdrətinin yüksək olması və hərbi qulluqçularımızın peşəkarlığı, vətənpərvərliyi sayəsində tarixi ədalət bərpa edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Teyfur Rüstəmov Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlara töhfə verməklə dünyada sülhü dəstəklədiyini və təşviq etdiyini deyib. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlığına da toxunan hərbi attaşe ikitərəfli formatda əməkdaşlıq edilən silahlı qüvvələrdən birinin də Çin Xalq Azadlıq Ordusu olduğunu bildirib.