29 iyun 2025 15:17
258

Yekaterinburqda baş verənlər Rusiyanın şovinizm siyasətinin tərkib hissəsidir - Kamran Bayramov

Son günlərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən qəddar polis zorakılığı bir daha sübut etdi ki, bu ölkədə etnik və dini mənsubiyyətə görə diskriminasiya artıq sosial problem deyil – dövlət siyasətidir. Hadisə ətrafında formalaşan ictimai reaksiya, rəsmi qurumların susqunluğu və medianın təhrifedici mövqeyi Rusiyada yaşayan milyonlarla qeyri-rusun, xüsusilə də azərbaycanlıların bu ölkədə necə təhlükəli və hüquqsuz bir mövqedə yaşadığını açıq göstərdi. Hadisədən sonra nə Yekaterinburq regional rəhbərliyi, nə Daxili İşlər Nazirliyi, nə də Rusiya Federasiyasının mərkəzi qurumları bu vəhşiliyə qarşı hər hansı hüquqi reaksiya vermədi. Əksinə, rəsmi dairələrdə məsələ “ictimai təhlükəsizlik tədbiri” adı ilə pərdələnməyə çalışıldı. Rus mediası isə hadisəni ya, ümumiyyətlə işıqlandırmadı, ya da azərbaycanlıları “cinayətkar dəstə” kimi təqdim etməyə çalışdı.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu davranış modeli artıq təəccüb doğurmur. Rusiya tarixən digər xalqların susdurulması və assimilyasiyası üzərində qurulmuş bir imperiya ənənəsinə malikdir. Bu gün bu ənənə sadəcə “imperiya” adını dəyişib “federasiya” edib, mahiyyət isə dəyişməyib.
Rusiyanın hüquq-mühafizə sisteminin ixtira etdiyi “etnocinayətkarlıq” anlayışı isə hüquqi cəhətdən qeyri-rus xalqlarını potensial cinayətkar kimi göstərməyə və onların təqibinə hüquqi baza yaratmağa xidmət edir. Bu, etnik təmizləməyə hazırlıq və onun legitimləşdirilməsi cəhdidir.
Deputat diqqətə çatdırıb ki, bu təzyiqlər yalnız güc strukturları vasitəsilə deyil, həm də ideoloji səviyyədə, xüsusilə Rus Pravoslav Kilsəsinin təhriki ilə aparılır. Kilsə “pravoslav sivilizasiya” adı altında milli və dini ayrı-seçkiliyi legitimləşdirir, dövlətin zorakılıqlarına dini don geyindirir.
K.Bayramov vurğulayıb ki, hətta Stalin dövründə belə müəyyən “qaydalar” mövcud idi -repressiyalar düşərgələr, sorğular, formal məhkəmələr vasitəsilə aparılırdı. Lakin bu günün Rusiyasında küçədə, evdə, heç bir hüquqi əsas olmadan insanlar döyülür, işgəncəyə məruz qalır və yoxa çıxarılır. Yekaterinburqda baş verənlər, əslində, Azərbaycan və azərbaycanlılara qarşı illərdir aparılan təzyiq siyasətinin bir parçasıdır.
Tarixə bir daha nəzər salsaq görərik ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı Moskvanın əmri ilə Bakıya yeridilən ordu yüzlərlə insanı qətlə yetirdi. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri ilə yanaşı, 366-cı motoatıcı alay - yəni Rusiyanın hərbi hissələri də bu qətliamda iştirak etdi. Azərbaycan torpaqlarının 30 il işğalda qalması və bu müddət ərzində Ermənistanın hərbi cəhətdən ayaqda qalması da Rusiyanın birbaşa siyasi, iqtisadi və hərbi dəstəyi ilə mümkün olub.

2024-cü ilin mart ayında baş vermiş hadisə – AZAL-a məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması – Rusiyanın Azərbaycana qarşı açıq şəkildə hərbi və siyasi təzyiq siyasətinin bariz nümunəsi oldu. Bu hadisə, əslində, diplomatik və hüquqi cəhətdən mülki aviasiyaya qarşı beynəlxalq hüququn kobud şəkildə pozulması idi.

Bu gün isə bu münasibət Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı da təkrarlanır. Miqrant azərbaycanlılar qanunsuz yoxlamalara, deportasiyalara, vergi və rüşvət təzyiqlərinə, polis zorakılığına davamlı şəkildə məruz qalır. Yekaterinburqda yaşananlar bu siyasətin sadəcə bir halqasıdır. Bu mənada bugünkü repressiyalar Stalin rejiminin özünü də kölgədə qoyur. Heç kim unutmasın ki, Azərbaycan xalqı  20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılmasının arxasında da məhz, Rusiyanın  dururduğunu gözəl bilir. Və Rusiyanın bu əməllərinin, təkcə Azərbaycan xalqına deyil, regionda müstəqil siyasət yürütmək istəyən hər bir xalqa qarşı yönəlmiş bir strategiya olduğunu bütün dünya anlayır .
Yekaterinburq hadisəsi göstərdi ki, Putin Rusiyası hüquq və insan haqları ilə yox, zor və qorxu ilə idarə olunur. Bu rejimin təbiətində təkcə daxili avtoritarizm yox, həm də digər xalqlara qarşı sistemli düşmənçilik yatır. Bu, sadəcə siyasi rejim deyil - ideoloji və mentalitet səviyyəsində formalaşmış bir idarəçilik modelidir. 
K.Bayramov əlavə edib ki, Azərbaycan daim multikultural dəyərlərə, tolerantlığa və fərqli millət və dinlərə hörmət prinsiplərinə sadiq olub. Rus icması da ölkəmizdə həm mədəni, həm dini azadlıqlar baxımından tam hüquqlu şəkildə yaşayır, təhsil alır, fəaliyyət göstərir. Azərbaycanda rus dilində məktəblər, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri mövcuddur. Dövlət səviyyəsində rus mədəniyyətinə, dilinə diqqət yetirilir.
Lakin bu mədəni yanaşmaya, hörmətə qarşılıq olaraq Rusiyada qeyri-rus xalqlara, o cümlədən, azərbaycanlılara qarşı sərgilənən münasibət ziddiyyət təşkil edir. Yekaterinburqda azərbaycanlılara qarşı baş verən son zorakılıq hadisəsi, kütləvi diskriminasiya, təhqirlər və təqiblər sübut etdi ki, mədəniyyətə mədəniyyətlə cavab verilmir. Bu, bir daha göstərir ki, Azərbaycan öz tolerantlığını nümayiş etdirsə də, Rusiya cəmiyyətində, xüsusilə də rəsmi dairələrdə köklü şovinist və islamofob düşüncə hələ də qüvvədədir. Bu ziddiyyət isə Azərbaycan xalqının haqlı narazılığına və suallarına səbəb olur: mədəniyyətə barbarlıqla cavab verənlərlə bundan sonra hansı münasibət modeli qurulmalıdır? Göründüyü kimi rusun başı xonçada durmur... Rusiyanın idarə modelinin təməlində zor, hegemonluq və başqalarına qarşı nifrət yatır-onu yumşaltmaqla, bəzəməklə mahiyyət dəyişmir.

Şəmsiyyə Əliqızı, “İki sahil”