29 iyun 2025 16:47
240

Şovinist Rusiyanın ikiüzlülüyü - ŞƏRH

Biz bu məsələnin ciddi şəkildə araşdırılmasını, cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını və Rusiya hakimiyyətinin Azərbaycan dövlətindən və xalqından üzr istəməsini tələb edirik

İllər keçsə də, dünya dəyişsə də, Rusiyanın şovinizmə əsaslanan məkirli siyasəti dəyişmir ki, dəyişmir. Son günlərdə Rusiyada azərbaycanlılara və digər xalqlara qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasətin başında birbaşa Rusiya rəhbərliyi, konkret olaraq Putinin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətin kökündə Rusiya polisinin, OMON-un qəddarlığı dayanır. Rusiya hüquq -mühafizə orqanlarının "ixtira" etdiyi "etnocinayətkarlıq" anlayışı bu ölkədə digər xalqların nümayəndələrinin artıq cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdidir.

Bu gün Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkilliyin bariz nümunələridir. Rusiya Azərbaycanın müstqəil siyasətini həzm edə bilmədiyindən ölkəmizə qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlər zəncirində növbəti həlqədir. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı son günlər həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına, insan hüquqlarına və Azərbaycan-Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir.

Rusiyanın artan şovinzm siyasətini “İki sahil”ə şərh edən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Səbinə Salmanova bildirdi ki, iyunun 27-də Yekaterinburqda baş verən hadisələr sadəcə hüquqi prosedur deyil, insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan zorakılıq aktıdır: “Heç bir məhkəmə qərarı olmadan insanların evlərinə daxil olunması, işgəncələrə və ölüm hallarına yol verilməsi hüquq-mühafizə fəaliyyəti deyil, açıq şəkildə sifarişli hərəkətlərdir. Hesab edirəm ki, bu cür hərəkətlər iki ölkə arasında illərdir formalaşdırılmış münasibətlərin ruhuna ziddir. Biz Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Lakin bu münasibətlər birtərəfli ola bilməz. Əgər bir tərəf digərlərinin vətəndaşlarına qarşı qanunsuz, zorakı və cinayətkar davranışlar nümayiş etdirirsə, bu artıq tərəfdaşlıq yox, riyakarlıqdır”.

S.Salmanova qeyd etdi ki, Azərbaycan dövləti məsələyə dərhal reaksiya verdi və Xarici İşlər Nazirliyi Rusiya tərəfinə diplomatik nota təqdim etdi, Rusiyanın müvəqqəti işlər vəkili nazirliyə çağırılaraq izahat tələb olundu: “Biz bu məsələnin ciddi şəkildə araşdırılmasını, cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını və Rusiya hakimiyyətinin Azərbaycan dövlətindən və xalqından üzr istəməsini tələb edirik. Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq hüquq və təhlükəsizliyi dövlətin birbaşa prioritetidir. Azərbaycan heç vaxt bu məsələlərdə susmayıb və susmayacaq”.

Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, Rusiyanın siyasətinin kökündə dayanan və digər xalqlara, xüsusilə də müsəlman və türk dövlətlərinə qarşı dözümsüzlük, ayrı-seçkikik, diskriminasiya və islamofobiya halları güclənməkdədir. Qərbə bütün istiamətlərdə uduzan Rusiya bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq öz aləmində onu inkişaf etdirməyə cəhd edir. Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş vəhşicəsinə hücuma müxtəlif don geydirib onu cinayətkarlığa qarşı mübarizə kimi qələmə verməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, bu hadisə Rusiyada azərbaycanlılara qarşı şovinist siyasətin tərkib hissəsidir.

Orxan Vahidoğlu, “İki sahil”