30 iyun 2025 10:11
106

Xəzər xilas ola biləcəkmi?

Xəbər verildiyi kimi, son illər Xəzər dənizində suyun səviyyəsi aşağı düşüb. Bu da Xəzərətrafı 5 ölkənin ekologiyasına, iqtisadiyyatına birbaşa mənfi təsir göstərir. Odur ki, bu məsələ həmin ölkələrin diqqət mərkəzindədir. Məsələn, iyunun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib ki, Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb: “Mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır”. Vladimir Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.

Yeri gəlmişkən qeyd edək ki, hər iki ölkənin müvafiq nazirlikləri və elmi qurumları bir araya gələrək dənizin səviyyəsinin dəyişməsi, dayazlaşmanın səbəbləri və bu prosesin sahilyanı zonalara təsirinin azaldılması istiqamətində elmi və institusional səviyyədə ciddi araşdırmalar aparır. Artıq işci qrupunun bir neçə iclas keçirilib. Məlumat üçün bildirək ki, Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrupun yaradılması haqqında qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2024-cü il avqustun 19-da keçirilmiş görüşünün yekunlarına əsasən qəbul olunub.

May ayının 22-də Sankt-Peterburq şəhərində Rusiya Federasiyası və Azərbaycan Respublikası İşçi Qrupunun geniştərkibli iclası keçirilib. Bu tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin sözlərinə görə, hazırda Xəzərin dayazlaşması ən aktual məsələdir: “Həmin görüşdə belə qərara alındı ki, belə təmaslar mütəmadi xarakter alsın. Növbəti belə görüş isə sentyabrda Bakıda təşkil ediləcək. Yeri gəlmişkən, mən həmin tədbirdəki gorüşlərimdə bildirdim ki, Xəzərin problemini öyrənmək üçün 2 ölkə kifayət deyil. Digər Xəzəryanı ölkələr də (Qazaxıstan, Türkmənistan və İran) bu proseslərdə iştirak etməlidirlər. Çünki bu problem bütün Xəzəryanı dövlətlərin hər birinə təsir edir”.

Professor Əmir Əliyev, həmçinin vurğuladı ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi əsasən qlobal iqlim dəyişkənliyi ilə əlaqədardır: “Xəzərin özünün hövzəsi var, o da öz sahəsindən 10 dəfə böyükdür. Bu ərazidə baş verən iqlim prosesləri onun su balansını təyin edir. Su balansı deyəndə həm Xəzərə tökülən çaylar, yeraltı sular, yağan yağıntılar, həm də ondan ayrılan sular (buxarlanma və Qaraboğazqol körfəzinə axım) nəzərdə tutulur. Bunlara da nəzarət etmək mümkün deyil. Amma antropogen təsirlər də mövcuddur ki, onları həll etmək mümkündür. Məsələn, Xəzərə tökülən Volqa çayından müxtəlif məqsədlər üçün istifadəni minimuma endirmək olar. Qeyd edək ki, Volqa çayından normadan artıq su istifadəsi Xəzər dənizinin dayazlaşmasına və ekoloji tarazlığın pozulmasının əsas səbəblərindən biri kimi göstərilir. Hazırda bu və digər məsələlər üzərində iş gedir. Onu da qeyd edək ki, Xəzər dənizinin su təchizatının təxminən 90 faizi Rusiya Federasiyası ərazisindən çay axını ilə formalaşır, bu həcmin 85 faizə qədəri isə Volqa çayının payına düşür Bu mənada onu Xəzərin “şah damar”ı adlandırmaq olar”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, Xəzər dənizinin səviyyəsi bir qayda olaraq yüksəlir və düşür: “Nəzərə alaq ki, son 100 ildə dənizdə 3 dəfə qalxma və enmə baş verib. 1930-1977-ci illərdə Xəzərin səviyyəsi 3,2 metr aşağı düşüb. 1977-1995-ci illərdə isə Xəzərdə suyun səviyyəsi 2,5 metr yüksəlib. 1996-cı ildən başlayaraq bu günə qədər Xəzərin səviyyəsi 2,3 metrə yaxın aşağı düşüb. Bu, Xəzərin öz xüsusiyyətidir. Bu enmə prosesinin 2050-ci illərə qədər davam edəcəyi proqnozlaşdırılır.  Hazırda Xəzərin səviyyəsi dünya okeanı səviyyəsindən 29,3 metr aşağıdır. Bundan sonra da 1-1,5 metr aşağı düşəcəyi gözlənilir.  Ondan sonra yenidən qalxacaq. Son illərin məlumtları göstərir ki, Xəzərin düşmə səviyyəsinin dərəcəsi bir qədər azalıb. Belə ki, əvvələr ildə 20-25 santimetr düşürdüsə, 2022-ci ildən bu göstərici demək olar ki,  10-15 santimetrdir. Bu da Xəzərdə suyun  düşmə tempinin  azalması deməkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”