Təyyarə olayından sonra Yekaterinburqda baş verənlər Rusiyanın hüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışının sübutudur.
“İki sahil” xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, mülki insanların elə öz evlərindəcə güc orqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanın hüquq anlayışından imtina etdiyini göstərir: “Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların ailəsinə edilən hücum və bu hücum zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyən şəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adına böyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinki müasir dünyamızda, hətta Stalin dönəmində belə insanların məhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi baş verməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cür biabırçı və antihumanist hallara rast gəlirik ki, bu da təəssüf və ikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv, şovinist siyasətinin göstəricisidir və bütün hallarda qəbuledilməzdir”.
Cəlil Xəlilov İran-İsrail müharibəsi zamanı Azərbaycan dövlətinin İrandakı Rusiya vətəndaşlarına böyük köməkliklər etdiyini, onların həyatını xilas etdiyini, Kremlin isə bunun qarşılığında Rusiyadakı azərbaycanlılara divan tutduğunu vurğulayıb: “İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz qalan, ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycan dövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradan Rusiyaya yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlət qurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdilər. Lakin bu hadisənin üstündən qısa zaman sonra Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmi Kremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığı nankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarını ölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar güc orqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi”.
Polkovnik qeyd edib ki, ötən ilin təyyarə olayından sonra Rusiyanın azərbaycanlılar əleyhinə yeni, ölümcül bir addıma imza atması Kremlin məqsədli siyasətindən xəbər verir: “25 dekabr 2024-cü il tarixində AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı hadisənin üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ də müqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində konkret addımlar atmayıb. Təyyarə olayının ardınca 27 iyun 2025-ci il tarixində Yekaterinburqda polis basqını zamanı heç bir müqavimət göstərməyən 5 azərbaycanlının qətlə yetirilməsi, xeyli sayda soydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburq olayı ilə bağlı obyektiv araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuz zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olay Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və gələcəyinə mənfi mənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olan inamı ortadan qaldıracaq”.