Milli Müdafiə Universitetində (MMU) Hərbi İdarəetmə İnstitutunun “Komanda-qərargah akademik kursu”nun 25-ci buraxılışına həsr olunan mərasim keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər heyətin təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. O, peşəkar və müasir tələblərə uyğun zabit kadrlarının hazırlanmasının Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusunun rəhbərliyi qarşısında qoyulmuş prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə görülən işlərin, o cümlədən hərbi təhsil sistemində aparılan islahatların Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Daha sonra “Komanda-qərargah akademik kursu”nu birinciliklə bitirən polkovnik-leytenant Vüsal Abdurahmanova diplom, fəxri fərman və hədiyyə təqdim edilib.
Kurs birincisi polkovnik-leytenant V.Abdurrəhmanov çıxış edərək tədris dövründə əldə etdikləri bilik və bacarıqlara rahat şəkildə yiyələnmələri üçün yaradılmış şəraitə və verilən təhsilə görə kurs yoldaşları adından Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, məzunlar adından yaş kötüyünə rəmzi emblemi vurub.
Sonda digər məzunlara diplomlar təqdim olunub və xatirə fotoları çəkilib.