Quliyev Aydın Alqulu oğlu
1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub.
1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-1989-cu illərdə Azərbaycan Dövlət Elm və Texnika Komitəsi yanında Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun Naxçıvan Elmi-Texniki İnformasiya Mərkəzində baş elmi redaktor işləyib.
Azərbaycan Milli Azadlıq hərəkatının Naxçıvan MR-də ilk fəallarından olub.
Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin tərkibində Buzqov və Kərməçataq kəndlərinin müdafiəsində iştirak edib.
1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası "Ülfət "qəzetinin ictimai əsaslarla Naxçıvan bölgə müxbiri olub.
1989-1995-ci illərdə Naxçıvanda "Ağrıdağ", "İpək yolu" qəzetlərində, Bakıda çap olunan "İki sahil", "Yeni Azərbaycan", "Rezonans" və "525-ci" qəzetlərində aktual siyasi proseslərlə bağlı analitik məqalələrlə çıxışlar edib.
1989-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və Politologiya kafedrasında baş laborant işləyib.
1994-1997-ci illərdə Naxçıvan MR Ali Məclis sədrinin müşaviri, Ali Məclisin Dövlət Quruculuğu və İcra hakimiyyəti orqanları ilə iş şöbəsində baş referent işləyib.
1991-1994-cü illərdə Naxçıvan televiziyasında siyasi şərhçi olub.
1991-1993-cü illərdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının fəal qurucularından olub.
1993-cü ilin noyabrında YAP Naxçıvan şəhər təşkilatının təsis konfransında sədr müavini seçılıb.
1996-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Tehranda İran Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında hazırlıq kursunda təhsil alıb, Akademiyada təhsil alan 11 nəfərlik azərbaycanlı qrupun rəhbəri olub.
1995-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 4 saylı Babək-Şahbuz seçki dairəsindən deputatlığa namizəd olub.
1997-ci ildə öz ərizəsi ilə Naxçıvan Ali Məclisində tutduğu baş referent vəzifəsindən azad edilib.
1997-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində çalışıb.
1998-2005-ci illərdə Azərbaycan Demokrat Partiyasının İdeoloji məsələlər üzrə katibi olub.
2001-2003-cü illərdə siyasi fəaliyyətlə yanaşı, gündəlik "Hürriyyət" qəzetinin baş redaktoru olub.
2003-cü ildə gündəlik "Bakı-xəbər" qəzetini təsis edərək onun baş redaktoru olub. Hazırda eyni adlı Media qrupa rəhbərlik edir.
2005-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu 1-ci seçki dairəsindən deputatlığa namizəd olub.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İctimai Şura üzvüdür.
Azərbaycan Mətbuat Şurası İdarə Heyəti
nin üzvüdür.
Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının Redaksiya Heyətinin üzvüdür.
Azərbaycan KİV-lərində siyasi ekspert statusunda şərh və təhlillərlə çıxış edir.
Çoxlu publisist və siyasi-analitik məqalələrin, 2 siyasi analitik kitabın müəllifidir.
Ailəlidir, 3 övladı var.
"Adım valideynlərimin mənə verdikləri ən böyük mirasdır..."
Şəxsiyyət necə formalaşır? İnsan necə şəxsiyyətə çevrilir? Bu suallar qarşısında həmişə müəyyən fikirlər deyib-eşitmişik. Daha doğrusunu bilmək üçün tez-tez praktiki həyat təcrübəsi çox olan insanlara ehtiyac duymuşuq.
Fikrimizi daha dolğun şəkildə anlamaq və bunu oxucularımıza daha dürüst təlqin etmək üçün o insanlardan biri ilə - "Bakı-Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Aydın Quliyevlə həmsöhbət olmuşuq. Aydın müəllim suallarımızı özünəməxsus tərzdə cavablandırdı, həmçinin təkcə bizi düşündürən məqamlara deyil, bilməyimiz vacib olan digər həyat təzahürlərinə də əhatəli münasibət bildirdi.
Aydın Quliyevlə müsahibənin mətnini təqdim edirik.
- Sizi belə tanıyırıq: Heç bir dönəmdə yalanın, şərin, haqsızlığın, zülmün və ədalətsizliyin yolu ilə getmədiniz. Bəs bu halda çətinliyin öhdəsindən necə gələ bildiniz?
- Mükəmməl ölçüdə haqqın və ədalətin yanında dura bilməsəm də, onlara heç vaxt xəyanət də etmədim, şərin və haqsızlığın yolunda dayanmadım. "Şəxsən mənə sərfəli olsun, yetər" deyib çoxluğun ağız büzdüyü yollara baş vurmadım. Ədalətli olmaq üçün əvvəlcə ədalətin nə demək olduğunu başa düşməyə çalışdım. Ədalətin ölçüləri və çəkisi barədə təsəvvürlərimin nə qədər dəqiq olduğunu bir Tanrı bilər. Ancaq ədalətliliyin ölçüsü kimi tanıdığım qaydalara həmişə əməl etməyə çalışdım. Şəxsi vicdanımı içimdə Allahın kölgəsi kimi qəbul etdim. Vicdanımın mühakimələrini müəllimlərimin, valideynlərimin və ağsaqqalların öyrətdikləri ilə bir sırada gördüm. Qalan şeyləri haqqın divanında yəqin mənə də deyəcəklər və soruşacaqlar...
- Yaltaqlıq insanın zəifliyidir, yoxsa?
- Bunu bir neçə arqumentlə təyin etmək olar... Öncə deyim ki, yaltaqları və yaltaqlığı görən gözüm yoxdur. İşlərini yaltaqlıqla aşıranlar çoxdur. Yeri gələndə yaltaqlıqla, yeri gələndə satqınlıqla, qəddarlıqla işlərini görürlər. Bir yaltaq görəndə onun nə vaxtsa kimisə atdığına, arxadan vurduğuna, kiməsə zülm etdiyinə, ya da edəcəyinə şübhə etmirəm. Yaltaqlıqla əldə olunan şeylər insan üçün qürur mənbəyi ola bilməz. Qürurun varsa, yaltaq ola bilməzsən, yaltaq oldunsa, ya qürurunu itirdin, ya da o səndə heç vaxt olmayıb...
Yaltaqlıq dəyişməz xarakterdir. O, islah olunmur. Ona zəiflik deməzdim. Qabiliyyətsizlərin ən güclü silahıdır yaltaqlıq...
- "İnsanlarda heç görmək istəmədiyim xüsusiyyətlərdən biri intriqabazlıqdır" - deyirsiniz. Yəni bu xüsusiyyət sizdə heç yoxdur? Bundan kənarda qalmağı necə bacarırsınız? İndiki mühitdə ondan tam kənarda qala bilmək asan deyil axı...
- Bəli, həqiqətən insanlarda heç görmək istəmədiyim bir xüsusiyyət də əlbəttə intriqabazlıqdır. Belələri hər yerdə var, çoxdur. Hətta ailələrin, tayfaların, qrupların içində də var. Bu sayaq yerlərdə intriqabazlar o qədər də qorxulu və ziyanlı olmurlar. Siyasətdə, ictimai müstəvidə və liderlərin ətrafında isə çox ziyanlı olurlar. İntriqabazlıq belə adamların özünütəsdiq üsuludur. Başqa bir şey bacarmırlar axı... İçərilərindəki iddia onları ara vurmağa, söz gəzdirməyə sövq edir. Bu yolla yer tutmaq istəyirlər. Vay o gündən ki, liderlərin, rəhbərlərin özləri intriqalara meylli ola. Dəhşət budur. Belələrinin ətrafında intriqan adamların işi tutur, yıxmadıqları ev qalmır...
Şəxsən özüm həyatım boyu belələrinin əməllərindən əziyyət çəkdim. Doğrudur, yorulmadım, onlara məğlub da olmadım. Ancaq bir çox məqamlarda qısa yolumu uzun, birbaşa yolumu kəsə sala bildilər.
Onlar vaxtlarını, düşüncələrini və enerjilərini əsasən rəqiblərini qaralamağa sərf edirlər.
- Rəhbər özünü kollektivə necə təqdim etməlidir?
- Hər şeydən əvvəl özünün gündəlik məqsədyönlü, sistemli işi ilə.... Mən həmişə özümü olduğum kollektivə, birgə işlədiyim rəhbərə yalnız peşəkar işimlə, əldə etdiyim nəticə ilə təqdim etməyə çalışdım. Saatlarla, günlərlə çayxanalarda, bekarların toplantı yerlərində vaxt itirmədim, bunu heç sevmədim. Yalnız işim, ailəm, məişət və ictimai xarakterli toplantılar - vəssalam. İşim və peşə fəaliyyətimlə nə əldə etdimsə, onunla fəxr etdim. Bundan kənarda heç bir şeyin dalınca sürünmədim. Elə bu səbəbdən indiyədək olduğum müxtəlif çevrələrdə, kollektivlərdə birinci rəhbərlərlə heç bir problem yaşamadım. Ancaq onların yaxın ətrafı məni sevmədi. Mən bunun səbəblərini çox yaxşı başa düşürəm. "Filankəs rəhbərin yaxın ətrafına aiddir" deyib də kiminsə qarşısında saxtalıq, sünilik etmək mənlik deyil. İnsanın həyat nailiyyətlərini də, onun şəxsi xarakterini də taleyin qisməti sayıram.
- Düz adamsınız. Şübhəsiz, dəfələrlə haqsızlıqlara məruz qalmısınız...
- Doğrudur. Haqqıma böyük sayqısızlıqlar gördüm. Bir neçə məqamda bunu yaşadım. Sınmadım. Məncə, duyğusal olmaq olar, kövrək yox. Həmişə getdiyim yolun öz seçimim olduğuna möhkəm inandım. Yolun səhv, ya doğru olmasından asılı olmayaraq... Addımlarımı bu inamla atdım. Kimsənin məni nəyəsə yönəltməsinə əsla imkan vermədim. Kimsənin qarşısında öhdəçiliyimin olmasını istəmədim. Bunun ideal seçim olduğunu iddia eləmirəm. Xarakterim belədir. Məsuliyyətimi heç vaxt unutmadım. Hər nə etdimsə, vicdanımın hökmü və vətəndaş məsuliyyəti ilə etdim. Arxada şəxsi təmənna güdmədim. Hətta haqqım çatan şeyləri belə dilə gəlib kimsədən istəmədim. Mənim aləmimdə insan özünü hansısa məqama, nəyəsə layiq bilirsə, buna görə dilə gəlməli deyil. Dilə gəlib nəyisə istəmək şərəf və ləyaqəti məncə, zədələyir. 1993-2025-ci illər - aradakı 32 ildə yüzlərlə məmurla ünsiyyətim olub. Kimdənsə şəxsi təmənnalı bir istəyim olmadı. Olubsa, incimirəm, buyurub yaddaşımı təzələsinlər.
- İnsanların heç də hamısı sizcə, niyə həyatdan dərs götürmür?
- İnsan həyatdan dərs götürmürsə, demək, yaşamır, mövcud olur. Məndən soruşsalar ki, həyatda ən mühüm dərs nədir, belə deyərəm - öz oyununda məğlub olmaq başqalarının oyununda qalib gəlməkdən üstündür.
Etiraf edirəm ki, həyatımın erkən gənclik dövrlərində bu həqiqəti anlamağa təcrübəm çatmadı... Əziyyətini də çəkirəm... Nə edəsən? Bu, mənim taleyimdir...
- İnsanların çoxunun Allahdan təkcə var-dövlət istəməsi nəyin göstəricisidir?
- Həyatın fəlsəfəsini yetərincə başa düşməməyin, dərin olmamağın, maddiyyat düşgünlüyünün göstəricisidir... Bəli, insanlar Allahdan əsasən var-dövlət istəyir. "Allahım, mənə sağlamlıq ver" deyənlər də çoxdur.
Allah var-dövlət paylamır.
Can sağlığını qorumaq hər kəsin öz işidir. Həyata sağlam doğulub gəldinsə, Allahın sənə verdiyi və verəcəyi budur. Qədrini yaxşı bil...
Mən həmişə istədim ki, içimdə qaranlıqlar, qeyri-müəyyənliklər qalmasın. Fəhmim yetərli olsun ki, nəyin dürüst, nəyin yanlış, nəyin ədalətli və haqlı olduğunu görə bilim. İçimdə hər şeyin aydın olmasını istədim. Səbrimin daha dərin olmasını istədim ki, səhvlərimin nəticəsini yaşaya bilim.
Allah hər kəsə bunu versə, yetər. Hər kəs də Allahdan bunu istəsə, düz yolda olmuş olar...
- Sizcə, xoşbəxtlik nədir?
- Xoşbəxtlik sözünün sinonimi tapılsaydı, bəlkə də onun haqqında hamının eyni fikri olardı. Məsələn, Xoşbəxtlik rahatlıqdır, qayğısızlıqdır, yüksək təminatdır, ya nədir. Belə deyənlər var... Hamısı da mübahisəlidir... Görürsüz, xoşbəxtliyin başqa və hamı tərəfindən qəbul olunan bir sözlə ifadəsi olsaydı, hər şey çox asan olardı. Ancaq indi hərə bir fikirdədir, hərə bir cür düşünür. Yəqin onun haqqında mənim də fikrim başqalarından fərqli olacaq... Ancaq bədbəxtliyin nə olduğunu əminliklə deyə bilərəm. İnsanın itirə biləcəyi şeylərə - mala, mülkə, vəzifəyə dəlicəsinə bağlanması məncə, ən böyük bədbəxtlikdir. Sərvət, vəzifə itirilən şeylərdir.
İtirilməyən, və ya itirilməsi ən az mümkün olan iki şey var - biri Allaha inamdır. Ancaq bu inam xoşbəxtliyin mütləq şərti deyil. Yəni Allaha inanıb xoşbəxt olmaq da olar, olmamaq da olar. Lakin insan öz vicdanı ilə hər vaxt rahat şəkildə üz-üzə qala bilirsə, vicdanına hər şeylə bağlı hesabat verə bilirsə, məncə, bu, insan üçün xoşbəxtliyin əvəzsiz anıdır. Bu anı heç nə ilə əvəzləmək olmaz. Var, dövlət, vəzifə insanı xoşbəxt etmək üçün yox, onun üzləşdiyi problemləri nisbətən rahat yola vermək üçündür.
Adamlar var ki, milyardlara sahibdir, ancaq vicdanı ilə bir dəqiqə də tək qala bilmir. Bu ifadəni çox eşitmişik: "Tək qalanda, başıma hava gəlir". Təklikdən fobiyası olanlar başqadır. Ancaq çox hallarda təklik qorxusu insanın öz vicdanından qorxmasıdır. Başqa heç nədir. Mən çox rahatam ki, uşaqlıqdan indiyədək həyatımın bütün anları ilə bağlı vicdanıma hesabat verə bilirəm. Vicdanımla tək qalmaqdan qorxmuram.
- Övlad həyatın bəzəyidir. Siz necə düşünürsünüz?
- Övladlar barədə düşüncələr həyatımızın vacib hissəsi olmalıdır. Bu barədə düşünməyənlər demək atalıq eləmir, demək özləri də zamanında övladlıq eləməyiblər. Övlada böyük var-dövlət qoyub getmək heç də vacib deyil. Səndən sonra bir yolla dolaşdırıb əlindən ala bilərlər, ya da özü onu itirə bilər. Yetər ki, övladı məsuliyyətli böyüdəsən, öz gələcəyi barədə düşünsün, millətin və dövlətin mənafeyi üçün sağlam bir ailəyə sahiblənməyin milli borc olduğunu duysun, təhsilli olsun, bir də normal cəmiyyətdə yaşasın. Qalan hər şeyi bu şərtlər daxilində özü qazanacaq. Ona görə də hər bir insan övladına mal-mülk miras qoymaqdan əvvəl yaşadığı cəmiyyətin daha da mükəmməl olmasına çalışmalıdır.
Övlad üçün ən qiymətli miras daha təkmil cəmiyyət qurmaqdır.
- Sizcə, dostluq insanın özünün icad etdiyi ali münasibətlərdən sayıla bilərmi?
- Bəli, dostluq insanın özünün icad etdiyi ali münasibətlərdən biridir. Ata- oğul, bacı-qardaş, əmioğlu-əmiqızı və s. milli genetik və traybalik kökdən gələn münasibətlərdir. Müəyyən xüsusiyyətləri ideallaşdırıb bunların əsasında dost axtarışına çıxmaq düz deyil. Onda yanılmalar çox ola bilər. Tez-tez dost dəyişməli olarsan, bu da yaxşı deyil. Dostluğa taledən, iqbaldan gələn insanlararası sentimental münasibət kimi baxılmalıdır. İnsanlarla mümkün qədər mehriban münasibətlər saxlamaq lazımdır. Bunların arasında əsl dostluq özünü nə vaxtsa göstərəcək.
Dostu və dostluğu axtarma, onu gözlə, özü nə vaxtsa gələcək.
- Harada doğulmağın Vətən sevgisinə təsiri varmı?
- Harada doğulmaq Vətən sevgisinin tək və həlledici şərti deyil. Vətənə bağlılığın bir neçə qırılmaz telləri olmalıdır. Hər kəs vətəndə özünü tapa bilməlidir, orada özünü təsdiq edə bilməlidir, orada təhsil almaq, tərbiyə olunmaq, xoşbəxt ailə qurmaq və işləmək imkanı olmalıdır. İnsan doğulduğu yerdə xoşbəxt deyilsə, vətəninə sevgisi tam ola bilməz. Məmməd Arazın sözü qiymətlidir, - Vətən də sənə oğul deməlidir, səni sevməlidir. İnsan tək doğulduğu yerdə yox, yad bir məmləkətdə də xoşbəxt ola, onu öz doğma vətəni kimi sevə bilər. Vətənin faciəsi odur ki, övladları onu sevməyə. Övladların isə faciəsi odur ki, Vətən ona oğul deməyi bacarmaya... Vətənin övlada, övladınsa vətənə yadlaşmasını Allah heç bir xalqa rəva görməsin.
Bir Afrika diktatoru ölkəsində insan əti yeyirdi. Bu ölkənin övladları onu "Vətən deyə" sevə bilərdilərmi? Yox... İmkanı çatanlar Əsədlərin Suriyasından, mollaların İranından, Mübarəkin Misirindən, Qəddafinin Liviyasından, Bin Əlinin Tunisindən qaçıb canlarını qurtarırdılar. Vətənlə övlad arasında yadlaşma budur...
Vətəndən imtina etmək mənəvi cinayətdir. Vətənə yadlaşmaq isə milli faciədir.
- Ədəbiyyata marağınız necədir?
- Orta məktəb illərindən dünya və Azərbaycan ədəbiyyatına sözsüz ki, böyük maraq göstərmişəm. Həyat ideallarını təyin etmək üçün zatən bundan mötəbər ilk mənbələrimiz yox idi... Ancaq müstəqillik dövründə baxışlar bir az dəyişdi. İndi şeirin, romanın, ümumiyyətlə, bədii ədəbiyyatın meydanı daralıb. Ancaq bu, o demək deyil ki, ona daha ehtiyac yoxdur. Ehtiyac həmişə olacaq. Bədii ədəbiyyata həvəs bir neçə on il əvvəllərlə müqayisədə indi çox azalıb. Ona görə ki, əvvəla, islahatçı, təftişi, inqilabçı, tənqidçi, maarifçi ruhun məhsulu olan ədəbiyyat nümunələri indi nadir hallarda yaranır, bəlkə də heç yaranmır. İkinci, bədii ədəbiyyatın zamanla əlaqəsi kəsilib. Dünənin obyektiv tarixini yarada bilmir, bu günün real mənzərəsini verə bilmir, gələcəklə bağlı isə nə çağırışlar edə bilir, nə də təsəvvür yarada bilir. "93-cü il", "Paris Notrdam kilsəsi", "Dumanlı Təbriz", "Amerika faciəsi" və s. kimi əsərlər indi daha yaranmır. Müstəqilliyimizin 30 ilində ölməz realist romançılıq mövzusu ola bilən nə qədər hadisələr baş verib... Ancaq nə fayda... Dediyim tələblər çərçivəsində onlar romanlaşa, povestləşə bilmədilər... Ancaq hələlik belədir...
- Nə dərəcədə səbrlisiniz?
- Səbrli olmaq vacib xüsusiyyətdir. Səbr insanda əsasən anadangəlmə olur, sonradan formalaşdırılan səbr də var.
Səbrli olmaq üçün əvvəla gərək böyük enerjin olsun. İkinci, özünlə bağlı baş verən və baş verməyən hər şeyin səbəbini bilməlisən. Yəqin "illərdi bu işim alınmır, burada ilişmişəm" və s. kimi gileyçi deyimlərə hamı rast gəlir. Mənimsə belə qayğılarım olmayıb. Çünki həyatımda olanların və olmayanların səbəblərini bilirəm. Hətta bir çox hallarda olacaqları da qismən görə bilirəm.
- Sizi ictimai-siyasi fəaliyyətə hansı meyllər gətirib?
- Mən ictimai fəaliyyətə siyasətlə gəlmişəm. Bir müddət həm siyasət, həm də mətbuatla məşğul olmuşam. Sonra obyektiv şəraitin tələbilə seçim edərək mətbuatda qaldım.
Siyasətdə olduğum dövrü itirilmiş illər saymıram. Siyasət hər şeydən əvvəl populyarlıq deməkdir. Lakin siyasi populyarlıq dalğasında gərək özünü itirməyəsən. Qalib də gələ bilərsən, məğlub da ola bilərsən... Bütün hallarda simanı, insanlığı, mənəviyyatı qoruya bilməlisən. Mən bunu siyasətdə uğurlarımdan biri sayıram. Bəziləri siyasəti "əxlaqsız sənət" hesab edir. Çox yanlışdır. Siyasətin öz əxlaqı var, siyasətdə əxlaqlı adamlar var, təəssüf ki, siyasətdə həm də çoxlu sayda əxlaqsız adamlar var. Ancaq bu, siyasəti büsbütün əxlaqsız fəaliyyət saymağa əsas ola bilməz. Siyasətin əxlaqı başqadır, əxlaqsızların siyasəti başqadır, əxlaqlı siyasət tam başqadır... Siyasətin əxlaqı qarşıdakı hədəflərdən asılıdır. Siyasəti ticarətə alət etdinsə, onda əxlaq ola bilməz... Milyonların mənafeyini, həyatını, gələcəyini təmin edən bir fəaliyyət növü hansı məntiqlə əxlaqsız hesab oluna bilər?!
- İnsan öz ağlını erkən təxmin edə və buna uyğun olaraq peşəsini seçə bilərmi? Bu cəhətdən övladlarınızı necə görürsüz?
- Bilər yox, məhz bu cür etməlidir... İnsan peşəni öz qabiliyyəti və real həyat nümunələri əsasında seçməlidir. Bu mənada övladlarımı hansısa peşənin dalınca getməyə məcbur etmədim. Hesab etdm ki, bunu öz istedadları və həyatda şəxsən tanıdıqları nümunələr əsasında həll etsələr, daha yaxşı olar. Beləliklə, övladlarım mənim peşəmlə bağlı olmayan həyat yolu seçdilər. Hərəsinin öz yolu var. Narahat deyiləm. Bu, əslində, ağlı təxmin etməkdir.
- Çox yaşamaq istəyi nəyin əlamətidir - həyatın şirinliyinin, ya həyatda daha çox iş görməyin?
- Hər ikisinin... Baxır kim necə yanaşır... Təbii ki, hamı mümkün qədər uzun yaşamağa çalışır. Yaşamaqdan doymamaq təbii istəkdir.
"Gəl canımı burda yox, o çəmənlikdə al sən..." Bəxtiyarın ölməz şeirində "əzraillə dialoq" səhnəsi çox təbii yaradılıb. Bu çəməndə, ya o çəməndə ölməyin ən azı zaman fərqi var. Ancaq "niyə uzun yaşamaq istəyirəm?" sualının cavabını gərək məntiqli şəkildə tapa biləsən. Məncə, həyatında başlatdığın hər bir prosesin aqibətini görmək insan üçün çox vacib olmalıdır...hər işin sonunu görmək üçün uzun yaşamağa məhkum olursan...
İnsan buna daim can atmalıdır. Uzun yaşamağın fəlsəfəsi buradan çıxmalıdır...
- Ölüm hər bir insanın həyatında tək şansdır... Bunu hansı anlamda demisiniz?
- Bütün insanların şansla doğuldu
ğuna inandım. Nəzərimdə şanslı və şanssız insanlar yoxdur. Şansını lazımi qədər görən və görə bilməyən insanlar var.
Taledən küsmək və ya onunla barışmaq kimi anlayışlarım yoxdur. Taleyin işi hər bir yolun başında bizlərə seçimlər verməkdi. Seçimi üçün taleyi yox, hər kəs özünü məsul bilməlidir.
Ölüm də bir şansdır. Seçimi olmayan şansdır. Həyatın sonunu və ondan sonra nələrin gəldiyini görmək şansıdır. Həm də ölüm hər bir insanın həyatında tək şans olur.
Mənəvi cəhətdən gündə yüz dəfələrlə ölüb-dirilənlərə aid deyil bu şans...
- Siz, hələ siyasi proseslərin təhlükəli və gərgin olduğu vaxtlarda Heydər Əliyev haqqında kitab yazmısınız. Bu kitab sizi hansısa çətinliklərlə qarşı-qarşıya qoymadı ki?
- Bu kitabım barədə indiyə qədər ictimai olaraq danışmaqdan yayınmışam. Ehtiyat etmişəm. Birdən mənə deyilə bilərdi ki, kitabın hesabına təmənna güdürsən, səndən kitab yazmaq xahiş edilmişdi?! Həqiqətən məndən bu kitabın yazılmasını heç kim xahiş etməmişdi. Hər şey vicdanımın hökmü ilə baş verdi. Qəribədir ki, o zaman mənə - "belə kitab yazmaqdan qorxmursan?" - deyə tənəli sual edənlər də var idi. Onlar indi "avanqard" mövqelərdədirlər. O zamanlar Heydər Əliyevin faydasına çox az sayda adamlar ucadan danışa bilirdilər. Hər şey indiki kimi asan deyildi...
Ölkəmizin çox ağır dövrləri idi... Müstəqil dövlətimiz tam qurulmamış, dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Milli təəssüb hissi olanların susa biləcəyi vaxtlar deyildi. Çox az sayda insanlarla birlikdə dilə gəldik, haqq səsimizi qaldırdıq. İnsanları inandırdıq ki, bizə demokratiyadan əvvəl dövlətin özünü qurmaq lazımdır. Demokratiya sonranın işidir. Dövləti qurmaq üçün isə mütləq Heydər Əliyev gəlməlidir. Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldi və mən 1995-ci ildə onun ilk 2 illik prezidentlik fəaliyyətini əks etdirən "Siyasətin gücü" kitabını yazdım. Dünyada bu mövzuda ilk kitab idi...
Kitabın necə yazılması və çap olunması barədə bütün mətləblərə indi toxunmaq istəmirəm. Mən öz vicdan borcumu yerinə yetirmişəm. Təmənna güdməmişəm. Kitabın redaktoru olmuş "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, tanınmış siyasi xadim, publisist Alqış Həsənoğluna ( Musayev), vətənpərvər kiçik iş adamı dostum Oqtay Əliyevə, kitabın çapına heç bir qısqanclıq etmədən viza verdiyinə görə Administrasiyanın o zamankı şöbə müdiri Fatma xanım Abdullazadəyə, kitaba zamanında çox səmimi və cəsarətli qiymət verdiyinə görə tanınmış yazıçımız və diplomat Xeyrəddin Qocaya və bu kitaba görə xətrimi həmişə indiyədək uca tutmuş bir sanballı dövlət adamına (?) öz dərin təşəkkürümü bildirirəm.
Qalan məsələləri tarixə buraxaq...
- Zənnimizcə, həyatda heç vaxt başqa insanlardan seçilmək, fərqlənmək istəməmisiniz. Milli Məclisə seçkilərdə iştirakınız nəyin ifadəsidir?
- Milli Məclisə seçkilərdə iştirakım yenə də insanlardan fərqlənmək yox, əksinə daha geniş müstəvidə onların yanında olmaq istəyindən yarandı. Azərbaycan Milli Məclisinə seçkilərdə 2 dəfə namizəd kimi iştirak etmişəm. 1995 və 2005-ci illərdə. Hər ikisində, təvazökarlıqdan uzaq olmasın, çox yüksək kampaniya aparmışam. Ancaq nəticə mənim apardığım kampaniyalardan asılı olmadı... O vaxtdan daha seçkilərə namizəd kimi qatılmıram. Qismət olsa, nə vaxtsa yenə iştirak edə bilərəm. Ancaq özümü sınamaq üçün yox, reytinq toplamaq üçün yox, real nəticə üçün... Nəyəmsə, bu qədərəm. Yaşımın həvəskarlıq dövrü deyil. Ya seçkiyə gedib seçilirəm, ya da seçilmirəmsə getmirəm. İştirak üçün özümdə hansısa çatışmazlıq görmürəm. Başa düşürəm ki, gənc deyiləm. Ancaq yaşlı da deyiləm. Bacarmadığım yükü çiynimə almaram.
- Ailənin təməl daşları, belə deyək, Allahı valideynlərdir. Siz bunu necə xarakterizə edərdiniz?
- Valideyn-övlad münasibətləri müəyyən qədər İlahi mənşəli münasibətlərdir. Ailədə valideynlərin, mistikada Tanrının birinciliyi şərtdir. Valideyni sevmək borcdur, vəzifədir. Sevgi və qayğını valideynlərin üzünə vurmaq naqislikdir. Hamıya örnək olsun deyə bununla sadəcə, qürrələnmək olar ki, mən valideynlərimi sevirəm...
Övladdan övladlıq ummaqdan əvvəl gərək valideynlik etməyi bacarasan. Bir il, ya on il ötsün, fərq etməz, övlad üçün valideyn xiffəti heç vaxt köhnəlmir.
Atamı-anamı belə xatırlayıram - onlar bizim üçün imkanlarından artığını etməyə çalışdılar. "Nəyisə etmədilər" deməyə dilim gəlməz. Xüsusi təhsilləri yox idi. Lakin övladları üçün ən yaxşı həyat yolunun istiqamətini düz seçə bilirdilər. "Bundan başlasan, ona gedib çata bilərsən" düsturunu bizə öyrətməyə təbii fəhmləri var idi. Bizim oxumağımızı heç kimə və heç nəyə qurban verməzdilər. Mən öz valideynlərimə baxıb belə qənaətə gəlmişəm - dürüst valideynin nadürüst övladı ola bilməz. 5 qardaş, 3 bacı olmuşuq. 2 bacımdan başqa hamı təhsil aldı. Bunlar ilk növbədə anamın, atamın zəhmətinin bəhrəsi idi...
Anam bu böyük ailənin, evin sirrini alınmaz qala kimi qoruyardı. Çoxları öz evlərindəki müşkülləri çözmək üçün onun yanına gələrdilər. Öz evi kimi, başqalarının da ailə sirrinə çox həssas yanaşardı. Heç kimin qeybətini etməzdi, başını böyütməzdi. Heyrətə gəlirəm ki, o qədər işin-gücün içində bizim dərslərimizlə hər saat maraqlanmağı unutmazdı. Təmizliyimizə, üst-başımızın səliqəsinə xüsusi fikir verirdi...
Olduğu məclislərdə atamın öz sözü var idi. Hamı onun ağzını açmağını gözləyirdi, ağzını açanda hamı qulaq verərdi. Çünki hamı bilirdi ki, o, yalnız öz sözünü deyir... Kəndin, elin, obanın təəssübünü çəkən adam idi. 85 il yaşadı, 30 ildir rəhmətə gedib. Kəndimizdə indi də onun ibrətamiz sözləri, hekayələri danışılır. Sonsuz qibtə doğuran rəvan nitqi və nəqletmə qabiliyyəti var idi. Söz-söhbətlərindən doymaq olmurdu. Mərhum tanınmış şair Elman Həbib Naxçıvan televiziyasının sədri idi, dostluq edirdik, bir gün məndən onu atamla görüşdürməyi xahiş elədi, bilirdi ki, az ömrü qalıb, atam xəstə yatırdı. 1996-cı il idi. Görüşdürdüm. Dedi ki, ömrümdə bu qədər müdrik adam görməmişəm..., baxmayaraq ki, xüsusi təhsili yoxdur...
Canlı bir tarix idi...
- Hər insan, əslində, bir mistik təcəlladır; bu fikrə inanırsınız?
- Mistikaya inanmıram. İnsan Allaha necə qovuşa bilər?! Aralarında qeyri-adi kamillik fərqi var. Allah bir kamillikdirsə, insan qeyri-kamillik və natamamlıq kompleksidir. Yuxu, cadu-piti, qurd yağı, insan əli ilə taleyin guya dəyişdirilməsi və sair - bunlar mənim nəzərimdə kimlərinsə oyunudur. Hansısa təsir gücü olan bir cadugərin qabiliyyətini şəxsən mənim öz üzərimdə sübut etsinlər və mən fikrimdən daşınaram. Ancaq bu, mümkün ola bilməz. Yalnız intellekti və psixologiyası qeyri-sabit adamlar cadudan təsirlənə bilərlər.
Fikrimcə, yuxu vur-tut dünənlərdə, keçmişlərdə yaşadıqlarımızın şüurda dəyişilmiş inikasıdır. Keçmişə aid olan şey gələcəkdən xəbər verə bilməz...
Tək Allaha inamla və nəyəsə, kiməsə saf etiqadla insanın ruhən rahatlana biləcəyinə inanıram.
- Bu il 65 yaşınız tamam olur. 65 müdriklik ehtivasıdır. Bu illərin hesabatında ən çox nə var?
- Neçə il yaşamaq yox, illəri necə yaşamaq məsələsi var. 65 elə bir yaşdır ki, "indiyə kimi etdiklərim ağırdı, ya bundan sonra edəcəklərim?" sualına təəssüf ki, cavab vermək mümkün deyil. Halbuki 20, 30, 40 yaşlarda bu sualın cavabı var. Həyatı "səhvsiz yaşayım" deyə mütləq prinsip güdmürəm. İnsan səhv edə bilər. Mütləq kamillik Allaha xasdır. Biz Allah deyilik ki... Səhvlərimi mümkün qədər tez görməyə çalışdım.
Bu vaxta qədər həyatımı dövrlərə bölərək yaşadım. Hər dövrün öz hədəfini, əsas məqsədini müəyyən etdim. Uşaqlığı dolğun yaşamaq, məktəbi əla oxumaq, ali təhsil almaq, işləmək, ailə qurmaq, övlad tərbiyəsi ilə məşğul olmaq, vətənə, cəmiyyətə, insanlara lazım olmaq - yaşadığım ömrün ayrı-ayrı dövrlərində əsas məqsədlərim bunlar oldu. Şəxsi karyeranı ən sonda gördüm. Hansınasa nail oldum, hansınasa nail ola bilmədim. Ancaq qabaqda hələ ömür var. Dövrlər bitməyib. Məqsədlər də bitməyib. Əsas odur ki, ömrümü məqsədsiz yaşamadım və yaşamıram.
Məqsədli, həm də şərəflə yaşamaq istədim. Adım valideynlərimin verdiyi ən qiymətli mirasdır, onu müqəddəs əmanət kimi qorumağa çalışıram. Adıma xələl gətirə biləcək başqa adların, titulların dalınca sürünmürəm... Övladlarımın mənimlə qürur duymalarının çox vacib olduğunu unutmuram. Mükəmməl övladlar mənim ömrümün dəyərləri sırasındadır. Mən isə öz növbəmdə övladlarımın ömründə dəyər olmağa çalışıram.
Ömrümün bundan sonrakı mərhələsinin də təbii ki, öz hədəfləri var və olacaq.
- Xəyanətdən və xəyanətkarlardan tam uzaq olmaq mümkündür?
- Təəssüf... Hər kəs xəyanətin qurbanı ola bilər. Özün xəyanətkarlardan uzaq ola bilərsən, ancaq xəyanətin hədəfi olmaqdan təəssüf ki, heç kim sığorta olunmayıb. Mən ömrümdə heç kimə xəyanət etmədim. Ancaq mənə xəyanət etdilər. Kim məni xəyanətkar sayırsa, demək o özü mənə xəyanət edib və ya edir. Mənim inamıma, etimadıma, haqqıma xəyanət etdilər. Xəyanətdən qaça-qaça özüm xəyanətin qurbanı oldum. Ancaq bundan sınmadım...
Kimsəyə qibtə etmirəm. Paxıllıq çəkmirəm. Qibtə və paxıllıq hislərin içində ən faydasız və ən ziyanlı olanlardı. Bəzi adamlar bunları növlərə bölür. "Yaxşı mənada paxıllıq" deyə bir şey uydururlar. Bu, özünü aldatmaqdır. Qibtənin və paxıllığın yaxşısı, pisi olmur. Onlar bütün hallarda pisdir. Paxıllığa, qibtəyə düşdünsə, demək həmin andan başlayaraq sən özün haqqında yox, başqası haqqında düşünürsən...
- Bəs bütün ömrünü, hətta öz xarakterinə belə xəyanət etmədən, xarakterə sadiq yaşamaq mümkündür?
- Çox çətin, eyni zamanda mümkün və hamıya nəsib olmayan bir şeydir. Həyat hamının bir istiqamətdə getdiyi eyni yoldur. Ancaq bu yolu hər kəs öz xarakteri ilə gedir. Fərqlər buradan yaranır.
"Öz xarakterinə xəyanət etmiş adamlar" ifadəsini eşitməmiş olmazsınız. Xarakteri olmayan, ya da nəyinsə xatirinə öz xarakterini başqalarının mənafelərinə qurban verən adamlara aiddir bu söz...
Ən çətini insanın öz xarakteri ilə yol getməsidir. Ancaq bu o demək deyil ki, ən yaxşı xarakter axtarışında başqaları ilə toqquşasan. Xarakter toqquşmaq üçün yox, özünü tanıtmaq üçündür. Öz xarakterinə sadiq adamlara cəmiyyət həmişə hörmət edir. Çünki cəmiyyət müdrikdir, bilir ki, xarakterə sadiq yaşamaq heç də bütün zamanlarda mümkün olmur.
- 30- 40 il əvvəl 65 yaşa hansı vəziyyətdə gəlib çıxmağı düşünürdünüz?
- Doğrusu, 65 yaşa çatmaq barədə əvvəllər heç düşünmədim. Dedim bunlar taleyin və tanrının işləridir. Ona qarışmaq düz olmaz. Nə qədər vermək onun, necə yaşamaq bizim işimizdir... Beləcə, gəlib 65-ə yetişdik...
- Özünüzü romantik, sensualist, ya realist sayırsınız? Daha doğrusu, hansına üstünlük verirsiz?
- Mən ədəbiyyatçılar kimi obrazlı və pafoslu düşünməyi sevmirəm, bacarmıram da. Çalışıram realist insan kimi yaşayım, öz fikrim, öz sözüm olsun, onu açıq deyim və təşviq edim ki, başqalarına da faydalı olsun, nümunə olsun. Çalışmışam ki, vətəndaş və siyasətçi kimi düşünüm. Vətəndaş kimi düşünüm ki, təmənnasız olum. Siyasətçi kimi ümumi düşünüm ki, ictimaiyyətçi və dövlətçi olum.
- Cəmiyyət içindəsənsə, xəyanət və paxıllıq kimi yaltaqlığı da görməyə bilməzsən. Belələrinə nə deyirsiniz?
- Maraqlıdır ki, bəzi xüsusiyyətlər bütün canlılarda ümumi olduğu halda, yaltaqlıq təkcə insanlarda rast gəlinən xüsusiyyətdir. Bir heyvan növündə yaltaqlığa rast gəlməzsiniz. ...O həm şüura, həm də hissiyata bağlı xüsusiyyətdir. Ona görə onunla mübarizə aparmaq çox mürəkkəb məsələdir. Yaltaqlıq bir açardır. Karyeranın, var-dövlətin açarıdır. Şərəf və ləyaqətdən başqa hər şeyin açarıdır. Adi adamlara yaltaqlanmaq az yoluxucudur. Çünki yalnız tək-tək başqalarını yaltaq olmağa həvəsləndirir. Böyük dövlət adamlarına yaltaqlanmaq isə qlobal yoluxucudur. Bütün milləti yaltaq edir, hamını yoldan çıxardır... Bir dəfə rəhmətlik Heydər Əliyev bir yaltaq iri məmur haqda ayrıca sərəncam imzalamışdı. İfşa sərəncamı idi. Tarixi hadisədir...
- Ölüm də, həyat da hamı üçündür. Bəs həyat kimi ölümlərin bir-birindən heç fərqi olmur?
- Həyatlar da, ölümlər də fərqlidir. Adi adamlar da ölür, böyük şəxsiyyətlər də...Viktor Hüqo deyirdi ki, hamı ölür, ancaq hamı yaşaya bilmir...
Ölümlərin fərqi xəstəlikdən, qəzalarda və ya sui-qəsdlərdə ölməkdə deyil. Ölüb canını qurtaranlar var, ölüb yaddaşlarda yaşayanlar var, bir də ölüb tarixdə qalanlar var... Ölümlərin fərqi budur... Bizlər az-çox yaddaşlarda yaşaya bilsək, yetər...
- "Pis adama heç nə olmaz" deyirlər. Bunu niyə deyirlər?
- Düz insanların işi çox vaxt əyri gedir, əyri insanların işi çox vaxt düz gedir. Çünki düzlər əyrilərə qəti mane olmur, ancaq əyrilər düzlərə bacardıqca mane olmağa çalışır. Əyri adamla düz adam bir-birlərini çox yaxşı tanıyırlar. Ancaq təəssüf ki, biri bunu sübut edə bilmir, o biri bunu boynuna almaq istəmir... Ancaq hər kəs özünün kim olduğunu yaxşı bilir. Bütün hallarda dünya düzlərin və dürüstlərin çiynində dayanır. Düzlər olmasa dünya çökər. Bunu xüsusilə, nadürüstlərin bilməsi çox vacibdir. Heç olmasa anlasınlar ki, onların kef çəkdiyi dünya məhz dürüst adamların çiynində durur...
- Məscidlərə, ibadət yerlərinə gedirsinizmi?..
- Təbii. Bunsuz olmaz ki... Allahımdan da razıyam, taleyimdən də... Bəzi insanlardan isə narazıyam. Yəqin ki, Allah da belə insanlardan narazıdır... Allahımıza bağlılığım qırılmazdır. İçimdə Allaha inam heç vaxt kəsilməyib. Allah xofu deyilən ifadədən xoşum gəlmir. Xof nədir? İnsan inandığı varlıqdan necə xoflana bilər?!
Allahla insanın ünsiyyəti birbaşa olmalıdır... Vasitəçilərsiz...Məscidə, kilsəyə ibadətgahlara bir dəfə də getmək olar, dəfələrlə də getmək olar. Əsas odur ki, Allahın evinə getməzdən öncə gərək öz vicdanına hesabat verə biləsən... Allahın evinə getmək günah yumaq üçün deyil... "Mən səni heç vaxt unutmadım" demək üçündür... Əgər həqiqətən də heç vaxt unutmayıbsansa... Ömrü boyu onu unut, sonra da ömrün sonunda, ya nə vaxtsa gəl ki, mən günahlarımı yumağa gəldim?!.
- Bildiyim qədər Həccdə olmayıbsınız. Ziyarətə getmək barədə düşünürsüz?
- Həm ziyarət etmək, həm də oraları görmək üçün nə vaxtsa Həcc ziyarətinə getmək istərdim. Həm də ilin istənilən fəslində, həcc vaxtı da, başqa vaxtlarda da getmək istərdim. Sovet hökumətinin dağıldığı vaxtlarda Məşhəd ziyarətinə getmişəm... Bəzilərinin dediyi kimi "günah yumağa, daxili saflaşmağa görə" ibadətgahlara, müqəddəs yerlərə getməyə dəyməz. Hər kəs özünün daxili saflığını da, günahlardan sığortasını da özü yarada bilər. Allahın qarşısında şüurlu bir günah etmədim. "Paklaşım" deyə Həcc ziyarətinə getməyə ehtiyacım yoxdur. Milyonların getdiyi yol olduğu üçün mən də onu nə vaxtsa getmək istərdim.
Ancaq on dəfələrlə bu yolu getməkdən qürur duyan adamların nəyə nail olmaq istədiklərini bilmirəm. Qəlbində düz bəndəsənsə, o yolu bir, ya bir neçə dəfə getməyin fərqi olmamalıdır...
Həm də mən tarix oxumuşam, həm dünyəvi, həm də dini tarixi oxumuşam. Az-çox siyasətlə məşğul olmuşam. Bol informasiyaların içində olmuşam. Qlobal ziyarətgahların müxtəlif dinlərdən olan bir qrup adamların əlində nəyə çevrildiyini bilirəm.
Hər bir insanın Həcci də, Kərbəlası da Həcc və Kərbəladan qabaq onun öz düşüncəsi və əməlləridir.
- Sizcə, varlı adam kimlərdi?
- İnsanın normal maddi təminatlı yaşaması başqadır, gözləri qamaşdıran maddi zənginlik içində boğulması başqa. Normal təminat deyəndə insanı təvazökarlıqdan çıxarmayacaq dərəcədə maddi təminatı nəzərdə tuturam. Maddiyyat həddini aşanda adamlar eqoistləşir, hamıya yuxarıdan baxmağa başlayır. Bu çox pisdir... Var-dövlətin son həddi olmur. Gəldikcə, insan daha acgöz olur. Öz istəklərinə hədd qoya bilən adam daha zəngindir...
- Həyatda məğlub olmaqdan qorxursuzmu? Ümumiyyətlə, bu tip qorxu ilə yaşamaq düzgündür?
- İnsanların gözündə həmişə qalib kimi qalmaq olar, ancaq həmişə qalib gəlmək olmaz. Məğlub ola bilərsən, ancaq gərək yox olmayasan. Ruhun yüksəkliyi qələbənin mütləq şərtidir. Biri deyir" kefim hardan olsun ki, problemlərim başdan aşır"... Bununla razı deyiləm. Gərək öz əhval-ruhiyyəni həmişə idarə edə biləsən... Hətta uğursuz olduğun anlarda da... Qələbəni təntənə ilə, məğlubiyyəti şərəflə yaşamaq lazımdır.
Qaliblərin və məğlubların yeri tez-tez dəyişə bilir...Ona görə də heç bir halda qorxu altında yaşamaq düz deyil.
- Heç vaxt özünüzə təntənəli yubileylər keçirmirsiniz. Niyə?
- Yaş yubileylərimi ailədən kənarda keçirməyi xoşlamıram. Təntənəli keçirməyə ümumən ehtiyac görmürəm. Bunlar bir təqdimatdır, reklamdır. Hər gün öz fikir və sözləri ilə cəmiyyət arasında görünən adamın təqdimata nə ehtiyacı var? Qurucusu olduğum "Bakı-xəbər"in də yubileylərini, ildönümlərini təntənəli formalarda keçirmirik. Gündəlik oxucuların, izləyicilərin və tamaşaçıların önünə çıxan media orqanını xüsusi təqdim etmək artıqdır... Əslində qəzet, sayt və youtube kanalımız məni və kollektivimizi cəmiyyətə təqdim edir. Bəs biz özümüzü hansı məntiqlə təqdim edək?!.
- Mənafe və tələbatlar varsa, onları yönəldən şüur və instinkt varsa, Sizcə yaşamaq üçün ƏQİDƏYƏ çoxmu ehtiyac var?..
- Nəinki ehtiyac var, hətta ƏQİDƏSİZ yaşamaq mümkün deyil. ƏQİDƏ insanın daxili kompasıdır. ƏQİDƏSİ olmayan demək öz içində azıb, onu meşəyə filana buraxmağa ehtiyac yoxdur. Mənafe və tələbatlara doğru məğrur da gedə bilərsən, əyilə-əyilə də. Zirvədə qartal da olur, ilan da. Biri sürünə- sürünə gəlir, biri süzə-süzə... Fərq böyükdür... ƏQİDƏ nə partiya deməkdir, nə qrup - dəstə deməkdir, nə də lider - rəhbər deməkdir... ƏQİDƏ xarakterə sadiqlikdir, vicdandır, ləyaqətdir, əyilməzlikdir, ədalətdir... Əli milyonların qanına bulaşmış Bəşər Əsədin məmurlarından biri durub desin ki, Əsəd mənim əqidəmdir, özünə də, qəbrinə də sadiq olacam, bu əqidə yox, olsa-olsa vicdansızlıq olar... İnsanı öz mənafe və tələbatlarına tərəf yönəldən tək şüur və instinkt deyil. Bəlkə də bunlardan daha düzgün şəkildə yönəldən onun ƏQİDƏSİDİR...
- Aydın müəllim, sizinlə maraqlı dialoq qurduq. Suallarımızı rəvan, anlaşılan dildə cavablandırdınız. Cəmiyyətimiz sizin səmimiyyətinizə inanır. Biz də buna şahidik. Müsahibə üçün ayırdığınız vaxtı bizə halal edin.
Söhbətləşdi:
H.Məlikzadə