Qazaxıstan-Rusiya sərhədində yaranan tıxaclar Rusiyaya girişin yeni qaydaları və sərhədi keçmək üçün QR kodun təqdim edilməsi tələbi ilə bağlı deyil.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Astanadakı səfirliyi məlumat yayıb. Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər Rusiya Federasiyası ilə keçid məntəqələrində nəqliyyat vasitələrinin yığılmasının səbəblərindən biri kimi Rusiya hakimiyyətinin yeni tələblərini göstərib.
"Sərhədi keçmək üçün gözləmə müddətinin artması Rusiya Federasiyasına daxil olmaq istəyən insanların axını ilə bağlıdır", - diplomatik missiyanın Telegram kanalında dərc olunan mesajda deyilir.
Sərnişin axınının mövsümi artımı zamanı artan iş yükünü nəzərə alaraq, Rusiya sərhədçiləri keçid məntəqələrinin fəaliyyətini sürətləndirmək üçün əlavə səylər göstərirlər.
İyunun 30-da Qazaxıstan Daxili İşlər Nazirliyi tıxacların səbəblərindən birinin Rusiyaya yeni giriş tələbləri olduğunu bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 30-dan etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən buraxılış məntəqələrində sıxlıq müşahidə olunur, idarə sürücüləri sakit olmağa, asayişi qorumağa və polis əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırıb.