02 iyul 2025 10:52
151

Özbəkistan kənd təsərrüfatı naziri "Green Tech"də Tahir Gözelin qonağı olub

"Green Tech" MMC-nin təsisçisi, rəhbəri Tahir Gözel və baş direktoru Nizami Heybətov Özbəkistanın kənd təsərrüfatı naziri cənab Ibrokhim Abdurakhmonovu qəbul edib.

“İki sahil” xəbər verir ki, görüşdə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə edilib, investisiya layihələri barədə fikir mübadiləsi aparılıb.

Nazir Abdurakhmonovun rəhbərlik etdiyi nümayəndə heyəti "Green Tech"in müasir istixana kompleksi ilə tanış olub, Azərbaycanın innovativ aqrotexnologiya və kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş təqdimatla qarşılanıb. T.Gözel və N.Heybətov qonaqlara müəssisənin texniki imkanları, idarəetmə sistemi və məhsullar barədə ətraflı məlumat verib.

Tərəflər aqrar sahədə innovasiyaların və texnologiyaların transferi, aqrobiotexnologiyalar, genomika və dayanıqlı istehsal sahələrində əməkdaşlıq potensialını qiymətləndirib. T.Gözel Azərbaycanın kənd təsərrüfatı sektorunda son illərdə baş verən sürətli inkişaf, tətbiq olunan texnoloji yeniliklər və ixracyönümlü istehsal imkanları barədə ətraflı məlumat verib, Özbəkistanın bu sahədəki təcrübələri və uğurlarına böyük maraq göstərib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Abdurakhmonov Azərbaycandakı səfərindən, "Green Tech"də gördüyü inkişafdan məmnunluğunu və dərin təəssüratlarını ifadə edərək, səfərin gözləntilərini tam qarşıladığını bildirib.

Görüş zamanı akademik Abdurakhmonov kənd təsərrüfatı sahəsində Özbəkistanın son illər həyata keçirdiyi sistemli islahatlar və texnologiya yönümlü yanaşmalar barədə geniş çıxış edib. O, ölkəsində kənd təsərrüfatının müasirləşdirilməsi istiqamətində aparılan işlərə, aqrobiotexnologiyaların tətbiqinə və dövlətin bu sahəyə verdiyi xüsusi önəmə toxunub. Nazir bildirib ki, Özbəkistan artıq Mərkəzi Asiya bölgəsində kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiq olunduğu nüfuzlu mərkəzlərdən birinə çevrilməkdədir.

Abdurakhmonov həmçinin texniki bilik və praktiki təcrübənin inkişafından bəhs edərək, xüsusilə genomika sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb. 21-ci əsrin əsas biotexnoloji nailiyyətlərindən biri olan CRISPR texnologiyasının Özbəkistanda kənd təsərrüfatına tətbiqi üzrə konkret nümunələr təqdim edib. O, bu sahədə əldə edilən bilik və bacarıqları "Green Tech"lə məmnuniyyətlə bölüşməyə hazır olduqlarını bildirib.

Nazir Abdurakhmonov görüşün sonunda Azərbaycanda gördüklərindən dərin təəssüratla ayrıldığını bildirib və kənd təsərrüfatı sahəsində aparıcı investor kimi T.Gözeli Özbəkistana rəsmi səfərə dəvət edib. T.Gözel isə dəvəti məmnuniyyətlə qəbul etdiyini, ölkədəki yeniliklərlə daha yaxından tanış olmaq üçün Özbəkistana yaxın zamanda səfər etməyi planlaşdırdığını qeyd edib. Görüş çərçivəsində tərəflər arasında kənd təsərrüfatı və innovasiya sahələrində strateji əməkdaşlığı nəzərdə tutan memorandum imzalanması istiqamətində ilkin danışıqlar da aparılıb.