02 iyul 2025 16:45
149

İSB sığorta əməliyyatların idarə edilməsində regional operator olmaq istəyir

İcbari Sığorta Bürosu (İSB) sığorta əməliyyatların idarəedilməsi üzrə regional operatora çevrilmək istəyir.

“İki sahil” xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə təmsil etdiyi qurumun media nümayəndələri üçün təşkil etdiyi mediaturda bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı və sığorta şirkətləri kimi maraqlı tərəflərin İSB-dən gözlədiyi strateji həllər var: "Biz bütün bunları nizamlayaraq öz strateji layihəmizə daxil etmişik. İcbari sığorta müqavilələrinin və iddialarının idarəedilməsi üçün təsirli və səmərəli İT platformasını yaratmaq, sığorta əməliyyatların idarə edilməsi üzrə regional operatora çevrilmək, icbari sığorta sahəsi üzrə bütün tərəflərin balanslaşdırılmış maraq və mənafelərinin xidmət edən qanunvericilik və intusional inkişafı təmin etmək, könüllü və icbari sığorta növləri üzrə sığorta sahəsi üzrə vahid məlumat mərkəzinə çevrilmək, etibarlı və səmərəli zəmanət fondunu inkişaf etdirmək, effektivliyi və səmərəliliyi artırmaq məqsədi ilə korporativ idarəetmə sistemi qurmaq maraqlı tərəflərin bizdən gözləntiləridir."

İSB rəsmisi əlavə edib ki, qurumun əsas prioriteti AMB-nin sığorta sektorundan gözləntiləridir: "Bu gözləntiləri də öz strategiyamızda nəzərə almışıq və 2025-2027-ci illər ərzində fəaliyyətimizdə əks olunacaq. Strateji baxışımız icbari sığorta sektorunda korporativ idarəetmə yaratmaq, innovativ, data əsaslı və dayanıqlı "insurtech" qurumuna çevrilməkdir. Dəyərlərimiz innovasiya, dürüstlük və dayanıqlılıqdır".