03 iyul 2025 11:54
119

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il iyulun 1-nə Azərbaycanda 1 630 743 vergi ödəyicisi olub.

"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, şirkətlərin sayı isə 7,7 % artıb.

İyunun sonuna ölkədə 197 038 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1 % çoxdur.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda olub.

Təkcə bu ilin I yarısında 6 814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,9 %-i yerli investisiyalı, 11,1 %-i xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,3 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.