03 iyul 2025 18:49
134

ICGB Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun mövcud gücləri üzrə illik hərraclar keçirəcək

ICGB qaz nəqli sisteminin müstəqil operatoru Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) mövcud gücləri üzrə illik hərracların keçiriləcəyini elan edib.

İki sahil”in məlumatına görə, bu barədə “Report” operatorun məlumatına istinadən xəbər verir.

IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sisteminə (DESFA SA) və Komotini regionunda (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinə (TAP AG), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir.

Zəmanətli (firm) güclər üzrə hərraclar iyulun 7-də, fasiləli (interruptible) güclər üzrə isə iyulun 21-də keçiriləcək.

IGB qaz kəmərinin TAP və DESFA ilə birləşmə nöqtələrindəki güclər PRISMA platformasında təklif ediləcək. "Stara Zaqora" IP-dəki güc üzrə ticarət “Regional Booking Platform”da (RBP) keçiriləcək.

ICGB ardıcıl 5 qaz ili müddətinə təminatlı güclər təklif edəcək. DESFA və TAP ilə birləşmə nöqtələrində giriş gücləri rəqabətli əsasda paylanacaq.

Fasiləli geri ötürmə (virtual) gücü “Bulgartransgaz” (giriş) və TAP (çıxış) ilə birləşmə üçün 1 qaz ili (2025/2026) müddətinə təklif ediləcək.

ICGB rəhbərliyi bazar iştirakçılarını müraciətlərini əvvəlcədən hazırlamağa çağırıb.

"Bu, regionun enerji müstəqilliyinə doğru yolda vacib addımdır", - şirkətin icraçı direktorları Teodora Georgieva və Corc Satlas bildiriblər.

IGB kommersiya istismarına üç ildən az müddət əvvəl başlayıb və artıq 45-dən çox qeydiyyatdan keçmiş istifadəçisi var.

İnterkonnektor Cənub-Şərqi Avropaya qaz təchizatının şaxələndirilməsində əsas rol oynayır və qış dövründə Bolqarıstanın ehtiyaclarının 40 %-dən çoxunu, yay dövründə isə 60 %-dən çoxunu təmin edir. İstismarın başlanğıcından bəri boru kəməri vasitəsilə 34,5 milyon MVt/saat-dan çox qaz nəql edilib.

Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.