04 iyul 2025 09:05
210

Dünyanın diqqəti Xankəndidə: Azad, abad şəhər beynəlxalq diplomatik mərkəzə çevrilir

Dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərinə səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi, görülən işlərlə tanışlıq suverenliyimizin bərpasından ötən iki ilə yaxın dövrün aydın mənzərəsini yaradır

Dövlət başçısı İlham Əliyev ötən ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın ayrı-ayrı sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurlardan, qarşıdakı dövrün hədəflərindən bəhs edərkən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizə xüsusi diqqət yönəldərək bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.

 Azərbaycanın qurumla münasibətlərinə, onun inkişafına verdiyi töhfələrə diqqət yönəlməyimiz səbəbsiz deyil. 3-4 iyul tarixlərində azad Xankəndi  İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir.  Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin  azad edilmiş Xankəndidə keçirilməsi özəlliyi ilə diqqətdədir. Hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirilən məkan baxımından da xüsusi  önəm kəsb edir. Bu gün Xankəndinin diplomatik mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbancanlını qürurlandırır. 30 il  xalqımız bu istək, arzu ilə yaşadı ki, üçrəncli Bayrağımız Qarabağda, Şuşada, Xankəndidə dalğalansın. Xalqımız heç zaman ümidini itirmədi. Tam əmin idik ki, Ümummilli Lider Heydər Əliyevin  müəyyənləşdirdiyi  siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində  işğal altında olan torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq,  bu ərazilərdə yeni həyat başlayacaq.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından başlanan inkişaf, tərəqqi yolu bizi 27 ildən sonra tarixi torpaqlarımıza qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı dalğalandı. Bu gün azadlığına qovuşan digər torpaqlarımız kimi, Xankəndidə sözün əsl mənasında quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin iyulun 3-də Xankəndi şəhərinə səfəri çərçivəsində açılışında və təməlqoyma  mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirməklə bu şəhərinin sözün əsl mənasında cənnət məkana çevrildiyini böyük əminliklə qeyd edə bilərik. Qısa vaxtda  qayıdışın növbəti ünvanının məhz Xankəndi şəhəri olacağına əminik.

İnkişaf yoldan başlayır

  Cənab İlham Əliyev  iyulun 3-də  Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak etdi. Qeyd edək ki,  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir. Bu yol dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu. Bildirildi ki,  Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.

Artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

  Bu məqamı da xüsusi qeyd etmək istərdik ki,  Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi.

 Zəfər parkı

Cənab İlham Əliyev, həmçinin  Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu. Təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.

Müasir və rahat işgüzar məkanlar:  Xankəndi Biznes Mərkəzi və Xankəndi Konqres Mərkəzi

Xankəndi şəhərində görülən işlərin miqyası olduqca böyükdür. Belə ki, ölkə Prezidenti Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi.  “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək. “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır.

Bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq. Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir.

 …bu bölgənin təbiətinin gözəlliyinə valeh oldum

Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatılacaq ölkələrin təmsiçilərini də qəbul etdi. Belə ki, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə qonaq Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirdi.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulandı. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olundu.

Regionda qeyri-neft ixracının artımına töhfə: Azərbaycan-Özbəkistan birgə müəssisəsi

Prezident İlham Əliyev Xankəndi şəhərinə səfəri çərçivəsində  Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Həmçinin  Azərbaycan və Özbəkistan prezidentləri Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Qeyd edildi ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

 Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Prezidentlər İlham Əliyev və Sadır Japarov  Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında

İyulun 3-də  Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər.  Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində oldular. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var. Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də oldular.  Sonra prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər.

Xankəndi çal-çağırlı günlərini yaşayır. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatılacaq liderlər azad Xankəndiyə toplaşırlar. Azad edlimiş torpaqlarımızın strateji mövqeyi nəzərə alınaraq bu ərazilərdə üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi  qonaqların bu məkanlara rahat gəlib-gedişini təmin edir. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz müasir tələblərə uyğun qurulur, soydaşlarımızın gələcəkdə daha təhlükəsiz, yüksək rifah şəraitində yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Suverenliyimizin tam bərpasından ötən iki ilə yaxın dövrdə  görülən işlərin miqyası hər birimizi, eyni zamanda, bu torpaqlara gələn xarici qonaqları heyrətləndirir. Cənab İlham Əliyev hələ ötən il 28 May-Müstəqillik Günündə Xocalı şəşərinə köçən sakinlərlə görüşündə yaxın zamanlarda Xankəndiyə köçün başlayacağını bildirmişdir.

   Prezident İlham Əliyevin 2023-cü ildə Xankəndidə ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirləri yada salmaq istərdik: “Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”

Artıq bu gün iki ilə yaxın dövrün reallıqlarından bəhs edirik. Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyi işlər ölçüyəgəlməzdir.  Bu torpaqların beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması özündə mühüm çağırışları ehtiva edir. Tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqların qəbulu ilə yanaşı, onların fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, azad edilmiş torpaqlarda görülən işlərin təqdimatıdır.

 Xankəndi şəhərinin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə gəldikdə isə Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır. ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Prezident İlham Əliyevin bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”. Xankəndi Zirvə görüşü əməkdaşlığğın daha da dərinləşməsində öz sözünü deyəcək. Hazırda dünyanın diqqəti Xankəndi şəhərinədir.

Yeganə Əliyeva, “İki sahil”