05 iyul 2025 15:08
151

Bu gün mərhum Yaşar Əliyevin doğum günüdür

Bu gün görkəmli ictimai-siyasi xadim, mərhum Yaşar Tofiq oğlu Əliyevin doğum günüdür.

İxtisasca həkim olan Yaşar müəllim uzun illər səhiyyə sahəsində minlərlə insanın həyatında qayğıkeş həkim, müdrik səhiyyə idərəedicisi kimi böyük nüfüz qazanmış, bununla yanaşı, dövlətçiliyimizin taleyüklü ən ağır və həssas mərhələlərində də mühüm qərarları, şəxsiyyətinin böyüklüyü, əqidəsi və sədaqətli mövqeyi ilə yaddaşlarda əbədi olaraq qalmışdır. Yaşar Əliyev dövlətçilik maraqlarını qoruyaraq, xalqının taleyini öz həyatından və ailəsinin təhlükəsizliyindən üstün tutaraq baş verən hadisələrə ürək yanğısı ilə yanaşmış, zamanında açıq mövqe nümayiş etdirərək, sadiqliyi ilə Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşdur.

Ən çətin və siyasi məsuliyyət tələb edən dövrdə ölkə rəhbərliyinin etibarını qazanan Yaşar Əliyev uzun illər Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini kimi fəaliyyət göstərmiş, daha sonra isə Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik xidmətini şərəflə yerinə yetirmişdir.

Yaşar müəllim 2023-cü ildə dünyasını dəyişsə də, onun xalqına və dövlətinə etdiyi xidmətlər, sarsılmaz əqidəsi, təvazökarlığı, eyni zamanda, möhkəm xarakteri onu tanıyanların yaddaşında və Azərbaycan tarixinə düşən layiqli ömür yolunda daim yaşayacaqdır.

Yaşar müəllimin əziz xatirəsi və əbədi, xidmətləri unudulmazdır!