Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksək qiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb.
Komitə ilə BMT-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib.
İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib, sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib.
Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.