Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru ICGB şirkəti bu qaz kəmərinin ötürücülük gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması üçün bazar tələbatının qiymətləndirilməsinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a ICGB layihəsinin operatoru məlumat verib.
"İki illik proses ötürücülük gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması layihəsinin bazar məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə məcburi olmayan və məcburi mərhələləri əhatə edir. Məcburi olmayan mərhələ müvafiq sistem operatorları tərəfindən güc üçün məcburi olmayan tələbat göstəricilərinin toplanması ilə başlayır. Maraqlı bazar iştirakçıları bu il sentyabrın 1-dək ərizələrini təqdim etməlidirlər. Bütün müvafiq sənədlər və iştirak təlimatları ICGB-nin saytında mövcuddur", - şirkətdən bildirilib.
Qiymətləndirmə qonşu qaz nəqli sistemi operatorları (TAP AG, DESFA və “Bulgartransgaz”) ilə sıx əlaqədə aparılır və IGB-nin texniki gücünün artırılmasının məqsədəuyğunluğunu müəyyən etməyə yönəlib.
Məcburi olmayan mərhələ başa çatdıqdan sonra ICGB və qonşu enerji ötürmə sistem operatorları hər bir birləşmə nöqtəsi üçün tələbatın qiymətləndirilməsi hesabatlarını hazırlayacaqlar.
ICGB-dən vurğulanıb ki, bu hesabatlar layihə təklifləri, məsləhətləşmələr və s. daxil olmaqla mümkün növbəti addımlar üçün əsas olacaq.
"IGB-nin gücünün artırılması bütün region üçün strateji addımdır. Bolqarıstana şaxələndirilmiş təbii qaz tədarükü üçün ilk marşrut olaraq IGB Cənub-Şərqi Avropa üçün etibarlı və davamlı enerji təmin edilməsində kritik rol oynayır. Biz bu prosesə tam sadiqik və tərəfdaşlarımızla birlikdə dayanıqlılığı təmin etməyə çalışırıq", - ICGB-nin icraçı direktorları Georgi Satlas və Teodora Georgieva bildiriblər.
IGB interkonnektoru 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi tərəfindən idarə olunur. Səhmdarlar BEH EAD (50 %) və "IGI Poseidon" (50 %) şirkətləridir.
Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə (“DESFA SA”) və Trans-Adriatik Boru Kəmərinə (“TAP AG”), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə (“Bulgartransgaz EAD”) birləşir.
Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.