09 iyul 2025 11:28
108

İpoteka və Kredit Zəmanət Fondu fəaliyyətdə olduğu 19 ilin hər birini mənfəətlə başa vurub

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyətdə olduğu 2005-2024-cü illərin hamısını mənfəətlə başa vurub, 19 ildə ümumilikdə 172,1 milyon manat mənfəət əldə edib.

“İki sahil” xəbər verir ki,  bu barədə İpoteka və Kedit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev Fondun mətbuat nümayəndələri üçün təşkil etdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,28 milyard manat təşkil edib: "Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30,5 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fond ölkənin ən sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir, mütərəqqi risk menecmenti sisteminə malikdir. Yerli maliyyə institutlarından yalnız İKZF ölkənin suveren reytinqinə bərabər beynəlxalq reytinqə malikdir. Onun istiqamətləri üzrə beynəlxalq təcrübə əsasında qəbul edilmiş vahid və təkmil standartlar tətbiq edilir".

R.Abdullayevin sözlərinə görə, qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya İKZF-yə məxsusdur: "Fondun istiqrazları üzrə orta müddət 22 il təşkil edir. Fond Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankından sonra ölkənin ən iri emitentidir. Onun dövriyyədə olan istiqrazların dəyəri 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günə qədər 982,6 milyon manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 312,8 milyon manat faiz ödənilib".

Orxan Vahidoğlu, “İki sahil”