09 iyul 2025 15:28
101

Azexport.az portalı ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalı ilə 4-cü Sənaye İnqilabı Mərkəzi və Dünya İqtisadi Forumunun nümayəndələri arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Dünya İqtisadi Forumunun “TradeTech” üzrə layihə rəhbəri Nitin Şarma və 4-cü Sənaye İnqilabı Mərkəzinin rəqəmsal ticarət üzrə layihə rəhbəri Kənan İbrahimov iştirak ediblər.

Görüşdə rəqəmsal ticarət sahəsində qabaqcıl təşəbbüslər, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal platformalar və logistik həllər üzrə qurula biləcək yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov çıxışında Azərbaycanın rəqəmsal ticarət infrastrukturu sahəsində son illərdə əldə etdiyi nailiyyətlər, o cümlədən “Creative Azerbaijan”, “Virtual Anbar”, “Rəqəmsal Sərgi Zalı” və digər təşəbbüslər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, fəaliyyət müddəti ərzində “azexport.az” dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. Hazırda portal dünyanın 15-dək qabaqcıl elektron ticarət platformalarına inteqrasiya olunub. “Azexport.az” portalı yalnız məhsulların xarici bazarlara çıxışına deyil, eyni zamanda gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına da önəm verir. Bu məqsədlə il ərzində müxtəlif universitetlərdə  yüzlərlə tələbəyə “Amazon”, “eBay”, “Alibaba” kimi platformalarda müstəqil satış bacarıqları ilə bağlı ödənişsiz təlimlər təşkil olunur.

Dünya İqtisadi Forumunun nümayəndəsi Nitin Şarma bildirib ki, təşkilatın məqsədi ölkələrdə rəqəmsallaşma sahəsində həyata keçirilən uğurlu təcrübələri yaxından öyrənmək və həmin nümunələri digər ölkələrdə təbliğ etməkdir. O, “Azexport”un fəaliyyəti ilə tanışlıqdan məmnun qaldığını ifadə edərək, portalın gördüyü işlərin bir çox sahələrdə zamanı qabaqladığını bildirib. Xüsusilə “Rəqəmsal Sərgi Zalı” təşəbbüsünü yerində və müasir dövrün tələblərinə cavab verən model kimi qiymətləndirib. O əlavə edib ki, “Azexport”un beynəlxalq platformalarla az resursla yüksək nəticə əldə etməyə əsaslanan yanaşması digər ölkələr üçün faydalı nümunə ola bilər.

Görüş birgə layihələrin icrası, rəqəmsal həllərin genişləndirilməsi, təlim proqramlarının təşkili və texnoloji əməkdaşlıq imkanlarının dərinləşdirilməsi üzrə müzakirələrlə davam etdirilib.