Azad rayonlarda biznes üçün əlverişli mexanizmlərin yaradılması, vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun iqtisadi potensialının reallaşmasında mühüm rol oynayır
Torpaqlarımız 5 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğalından təmizlənib. Rayonlarımızda, kəndlərimizdə, şəhərlərimizdə geniş tikinti-quruculuq, bərpa işləri davam edir, məskunlaşma həyata keçirilir, eyni zamanda, kifayət qədər biznes, sahibkarlıq subyektləri fəaliyyət göstərir, yeni fabriklər, zavodlar, istehsalat müəssisələri açılır, əhalinin məşğulluğu təmin edilir. Azad bölgələrin sosial-iqtisadi inkişafı, sahibkarlığın daha geniş vüsət tapması üçün imkanlar mövcuddur. Bununla bağlı dövlət səviyyəsində bir sıra stimullaşdırıcı addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda biznes üçün əlverişli mexanizmlərin yaradılması, vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun iqtisadi potensialının reallaşmasında mühüm rol oynayır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, bölgədə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir. Bütün bunların nəticəsidir ki, biz bu gün azad rayonlarda sahibkarlıq subyektlərinin əhatəli şəkildə inkişafını görürük, sahibkarlar yüksək templə öz işlərini davam etdirirlər.
Məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiya da hazırlanıb icraya yönəldilib. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mandatına uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində aktiv iştirak edir, yeni KOB subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, satış bazarlarına, bilik və innovasiyalara, maliyyə resurslarına çıxışına dəstəyini davam etdirir. Son bir ildə də agentliyin KOB-lara yerində dəstək və xidmətləri təmin edən, dövlət-sahibkar əməkdaşlığına öz töhfəsini verən KOB dostu şəbəkəsinin genişlənməsi davam etdirilib. Sahibkarlara daha yaxın olmaq, onların müraciətlərinin yerində həllinə dəstək olmaq üçün hazırda ölkənin 50-yə yaxın şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək göstərilir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi və investisiya potensialının yerli və xarici iş adamlarına təqdim olunması məqsədilə KOBİA tərəfindən xarici nümayəndə heyətləri ilə keçirilən görüşlərdə və digər tədbirlərdə məlumat verilir. İşğaldan azad olunmuş ərazilərimizdə öz biznesini quran bir sıra sahibkarlar agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edib və etməkdə də davam edirlər. Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirən xidmət pəncərəsi fəaliyyət göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə KOB dostu ofisləri yerləşir. Bu, bölgədə biznesin qurulmasına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkara daha yaxın edir. Bütün bu sadaladıqlarımız Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına münbit şərait yaradır.
Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5 faiz, məşğulluqda payı isə 78 faizə yaxındır. 2003-2023-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 3 milyard manata yaxın güzəştli kredit verilib. Bu layihələr hesabına 200 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib. Sahibkarlıq subyektlərinin 99,7 faizi KOB subyektləridir Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,7 faizi mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzlərinin, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlərin göstərildiyi “KOB evləri”nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə və sərgilərə çıxışa dəstək mexanizmləri buna misal ola bilər.
Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, “ağıllı biznes” modellərinin yaradılması kimi məsələlər əsas hədəflərdəndir. Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə verilməsi davam etdirilir. Həmçinin lisenziya və icazələr elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilir.
Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda da qeyd olunur. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda “biznesin dinamikliyi” üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.
Sevinc Azadi, “İki sahil”