10 iyul 2025 15:10
144

XİN Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Əbu-Dabi görüşünün yekunlarına dair mətbuat yayıb

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.