11 iyul 2025 01:17
98

Tarix ədalət tələb edir…

Hazırda Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Hətta bu günə qədər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı da təmin olunub. Bu gün azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ermənistandan zaman-zaman deportasiya olunmuş Qərbi azərbaycanlıların ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpası da diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticədində artıq bu məsələ beynəxalq aləm tərəfindən dəstəklənməkdədir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul olunub. Prezident İlham Əliyev 3-4 iyul tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə Ermənistandan zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən bu qətnamənin qəbul olunmasını yüksək qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Yeri gəlmişkən, bu məsələ ECO-nun 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommünikesində də öz əksini tapıb. Daha doğrusu, kommünikedə Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Şübhəsiz, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, həm də bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların sözügedən məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunun göstəricisidir. Hadisələrin gedişatını dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, Qərbi azərbaycanlılar artıq qayıdış astanasındadırlar.

Amma soydaşlarımızın Qərbi Azərbaycandan guya könüllü köçdüklərini iddia edən Ermənistan rəsmiləri həmin tədbirdə Qərbi Azərbaycanla bağlı söylənilən fikirləri yenə də özlərinə məxsus şəkildə şərh etməkdədirlər. Məsələn, erməni saytlarından biri yazır ki, guya Qərbi Azərbaycan İcması adlanan təşkilat rəsmi Bakının Ermənistana qarşı yaratdığı təzyiq və manipulyasiya vasitəsidir. Həm də bildirir ki, qayıdış tələbləri qanuni deyil, regional təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş təhdiddir. Hətta sayt yazır ki, guya bu məsələni dəstəkləyən dövlətlər regionda mümkün yeni təcavüz halında Azərbaycanın şərikinə çevrilirlər. “Aysor” saytı bunu Azərbaycanın işğal planı kimi dəyərləndirib. Halbuki bu məsələdə Azərbaycan ərazi iddiaları ilə deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpası istəyi ilə çıxış edir.

Yeri gəlmişkən qeyd edək ki, İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhani də ECO-nun Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı əsassız iddialar səsləndirib. O, guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddialarla çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin bildirdiyi kimi, İran səfirinin səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil. Şübhəsiz, səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Onu da vurğulayaq ki, İran Prezidenti Məsud Pezeşkianın Xankəndinə səfəri Ermənistandakı bəzi dairələri hələ də ciddi narahat etməkdədir.

Digər tərəfdən, tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Bu mənada Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Şübhəsiz, bu, bölgədə sülhün, təhlükəsizliyin və insan hüquqlarının bərqərar olması üçün də vacib şərtdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”