11 iyul 2025 13:49
148

ING: Neftin bahalaşması Azərbaycana ildə 350 milyon dollar əlavə ixrac gəliri gətirir

Dünya bazarında neft qiymətlərinin artması və "qara qızıl”ın hər bareli üçün əlavə dollar Azərbaycana ildə təxminən 350 milyon ABŞ dolları ixrac gəliri gətirir.

“İki sahil” xəbər verir ki,  bu barədə Niderlandın ən böyük bank qrupu olan “ING Group”un icmalında deyilir. "Bizim qiymətləndirməyə əsasən, neftin bareli üçün əlavə hər bir ABŞ dolları Azərbaycana yanacaq ixracından illik 350 milyon ABŞ dolları, Qazaxıstana isə təxminən 570 milyon ABŞ dolları gəlir gətirir", - bank ekspertləri qeyd edirlər.

ING-də həmçinin Azərbaycanın ticarət balansı profisitinin azalması göstərilir: 2025-ci ilin mayında başa çatan 12 ay ərzində bu, 2024-cü ildəki 5,5 milyard ABŞ dolları və 2023-cü ildəki 16,6 milyard ABŞ dolları ilə müqayisədə 2,7 milyard ABŞ dolları təşkil edib. Buna baxmayaraq, analitiklər hesab edirlər ki, azalma kapital axınının artması ilə kompensasiya edilə bilər.

“Moody's” reytinq agentliyi son zamanlarda, “Fitch”dən sonra, Azərbaycana fiskal göstəricilərin yaxşılaşmasını və xarici ehtiyatların artımını qeyd edərək müsbət proqnozla “Baa3” investisiya reytinqi verib. İnvestorlar tərəfindən əlavə maraq həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesinin davam etməsi ilə bağlı ola bilər", - ING vurğulayıb.

Daha əvvəl qrup bildirmişdi ki, neftin orta illik qiymətində hər bir dollar Azərbaycan üçün təxminən ildə 300 milyon ABŞ dolları ixrac gəlirini və 150 milyon ABŞ dolları büdcə daxilolmalarını təmin edir.