11 iyul 2025 17:22
124

4SİM-in icraçı direktoru: "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir

Azərbaycanda "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

O qeyd edib ki, ekosistemin inkişafı üçün həm texnologiya, həm insan kapitalı, həm də bilik və bacarıqlar mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, startap həlləri də bu prosesin vacib tərkib hissəsidir. Bu məqsədlə müxtəlif istiqamətlərdə əməkdaşlıqların gücləndirilməsi üçün bir sıra memorandum imzalanıb. Dünyanın ən böyük texnoloji həllər təqdim edən şirkətləri ilə də əməkdaşlıq genişlənir: “ABŞ-dan "Honeywell", Yaponiyadan CMS və CMC, Türkiyədən "Koç Digital", eləcə də bu ölkənin ən iri texnologiya mərkəzlərindən olan MEXT ilə anlaşma memorandumları imzalanıb. Almaniyanın "Mercedes" və digər iri şirkətləri üçün xüsusi təlim proqramları hazırlayan "Festo" şirkəti ilə də əməkdaşlıq nəzərdə tutulur”.

F.Cəfərov vurğulayıb ki, bu şirkətlərlə birgə əməkdaşlıq nəticəsində nazirliyə məxsus "Bakı Biznes Mərkəzi" MMC "Sənaye 4.0 Mərkəzi"nə çevriləcək. Bu mərkəzdə şirkətlər müasir istehsal xətləri, robotlar, müxtəlif texnologiyalar, data idarəetməsi, bulud texnologiyaları, eləcə də virtual reallıq, simulyasiyalar və rəqəmsal texnologiyalarla tanış ola biləcəklər. Eyni zamanda aşağı, orta və yüksək səviyyəli rəhbər heyət üçün xüsusi təlim proqramları həyata keçiriləcək. Mərkəzdə startaplar sənayenin konkret problemlərini həll etmək üçün öz layihələrini təqdim edəcəklər. “Gələcəkdə ABŞ-da Silkon vadisinin ən böyük inkubasiya və akselerasiya mərkəzini idarə edən "Plug & Play" şirkətinin də Azərbaycana gətirilməsi planlaşdırılır ki, bu da ölkədəki startapların inkişafına əlavə dəstək olacaq”, - deyə o əlavə edib.