14 iyul 2025 17:08
142

Məcnun Məmmədov Şamaxıdakı müəssisələrin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxıda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə rayonun Kəlləxana kəndində yerləşən 150 baş südlük heyvandarlıq fermasına baş çəkib.

Ona burada görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə müəssisənin fəaliyyəti, gələcək inkişaf planları, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialı və onun gücləndirilməsi üçün atılmalı olan addımlar, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində M. Məmmədov kiçik şərab istehsalçılarının fəaliyyəti ilə tanış olub, rayonun Meysəri və Məlikçoban kəndlərində yerləşən, ev şəraitində şərab istehsalı ilə məşğul olan şərabçılıq təsərrüfatlarına baxış keçirib. O, bildirib ki, ənənəvi üsullarla hazırlanan yerli şərablar ölkəmizin mədəni irsinin, zəhmətin və ustalığın təcəssümüdür. Ənənəvi biliklərin müasir texnologiyalarla sintezi yerli məhsul keyfiyyətinin artırılmasını, ixrac potensialının genişləndirilməsini və aqroturizm imkanlarının möhkəmləndirilməsini və regionların sosial-iqtisadi inkişafını təmin edir. Kiçik şərabçılıq subyektlərinin dəstəklənməsi ölkənin şərabçılıq sektorunun dayanıqlı inkişafında və kənd təsərrüfatının şaxələndirilməsində mühüm əhəmiyyət daşıyır.

Görüşlərdə kiçik şərabçılar tərəfindən istehsal zamanı meydana çıxan çətinliklər, aqroturizmin genişləndirilməsi istiqamətində atılacaq addımlar və bu istiqamətdə hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb. Kiçik şərab istehsalçılarının dəstəklənməsi istiqamətində araşdırmaların aparıldığı, bu sahənin inkişafının rayonun turizm potensialına töhfə verməklə istehsalçıların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayacağı qeyd olunub.