İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanla Vyetnam arasında birgə müəssisələrin yaradılmasına və Vyetnamlı tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına dəstək göstərməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Hanoyda keçirilən Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, məsələn, Azərbaycan Vyetnamla tekstil sənayesində əməkdaşlıqda maraqlıdır: “Bu istiqamətdə artıq bir sıra addımlar atılıb. AZPROMO-nun təşəbbüsü ilə iki ölkənin tekstil və pambıq sənayesi sahəsində fəaliyyət göstərən şirkətləri arasında virtual görüşlər təşkil olunub. Görüşlərdə pambıq məhsullarının ixrac imkanları və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Şirkətlər kataloqlarını qarşı tərəflə bölüşüb və mümkün ticarət əlaqələrini qiymətləndirməyə başlayıblar. Bu, göstərir ki, sahəyə yönəlmiş əməkdaşlıq sadə dialoqla başlayıb zamanla real kommersiya marağına çevrilə bilər. AZPROMO biznes dairələrimizin prioritetlərinə uyğun olaraq bu səyləri dəstəkləməyə davam edəcək”.
Y.Abdullayev əlavə edib ki, tekstil şirkətləri arasında təcrübə mübadiləsinin təşviq edilməsi hədəflənir: “Bu gün "Azərbaycan Tekstil Assosiasiyası"na daxil olan tekstil müəssisələri nümayəndə heyətimizin tərkibində buradadır”.
Bundn başqa, onun sözlərinə görə, iki ölkə arasında ticarət göstəricilərində müsbət dinamika müşahidə olunur: “2025-ci ilin ilk 5 ayında Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsinin dəyəri 58,4 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur”.