18 iyul 2025 13:46
100

Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş katibi Milli Məclisdə olub

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirilib ki, Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə tədbirin əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, belə beynəlxalq görüşün Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.

Söhbət zamanı parlamentin sədri qonaqlara Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.

Qonaqlara ölkəmizin Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi, orada aparılan geniş tikinti-quruculuq işləri barədə məlumat verilib.

Baş katib Hou Kai Bakıda keçirilən ASOSAI-nın İdarə Heyətinin 62-ci toplantısında və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə görüşündə iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluqla danışıb.

O deyib ki, Azərbaycanın təşkilatçılığı sayəsində ASOSAI və ARABOSAI assosiasiyalarının üzvləri Şərqlə Qərbin qovşağında bir araya gələrək dövlət sektorunda auditin inkişafını müzakirə etmək imkanı qazanıblar.

Qonaq dövlət sektoru auditinin milli nəzarət sisteminin mühüm tərkib hissəsi olması və bütün ölkələrin sosial-iqtisadi inkişafında əvəzolunmaz rolu barədə danışıb. Baş katib Azərbaycanın dünyada ekoloji təhlükəsizliyin qorunmasındakı rolu, ölkəmizdə COP29-un uğurla keçirilməsi və orada mühüm məsələlərin müzakirə olunması barədə də fikirlərini bölüşüb, Azərbaycana sülh və davamlı inkişaf arzularını çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.