19 iyul 2025 10:10
158

Ağdamda 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur

Ötən gün dövlət başçısının Qarabağ iqtisadi rayonuna tarixi səfəri çərçivəsində əlamətdar hadisələrin reallaşmasına şahidlik etdik. Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 99-a çatdı.

“İki sahil” xəbər verir ki, bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

O bildirib ki, yeni müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağımızın dirçəldilməsinə köməklik göstərəcək.

“Fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdır. Hazırda fabrikdə 400 nəfərlik daimi iş yeri yaradılıb. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir”, - deyə o bildirib.

Xatırladaq ki, Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.