“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun ikinci günü başa çatıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təbrik nitqi söyləyib.
O, çıxışında Azərbaycanda media sisteminin formalaşmasından, 44 günlük müharibə zamanı dezinformasiyaya qarşı mübarizədən danışıb və süni intellektin media sferasına gətirilməsinin dövrümüzün qaçılmaz prosesi olduğunu vurğulayıb.
Forum “İnnovativ yanaşmalar: rəqəmsal texnologiyalar dövründə media savadlılığı” mövzusunda panel müzakirəsi ilə davam edib.
İkinci gün iştirakçılar üçün tanışlıq proqramı təşkil olunub.
Əvvəlcə forumun qonaqları Ağdam şəhərindəki İmarət Saray Kompleksini ziyarət ediblər. Sonra onlar Ağdam Sənaye Parkında olub, burada sakinlərdən birinin fəaliyyəti ilə tanış olub, həmçinin dəmir yolu və avtovağzal kompleksinə baş çəkiblər.
Ağdam rayonunda sonuncu məntəqə Xıdırlı kəndi olub, burada qonaqlar qəsəbənin bərpası prosesi ilə maraqlanıblar.
Qarabağ bölgəsində aparılan bərpa işlərinin miqyası haqqında daha dolğun təsəvvür əldə etmək üçün forum iştirakçıları Xocalıya da səfər ediblər.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir.
***
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayır.
“İki sahil” xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.
Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.