21 iyul 2025 22:52
145

Azərbaycanı informasiya blokadasından dahi Heydər Əliyev xilas etdi

“44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı”

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı: “Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əks arqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.

Bəli, 1987-ci ildən bu  günə kimi Azərbaycan yalan informasiyalarla , çirkin böhtan və şantajlarla mübarizə aparmalı olub. Təəssüf ki, bu gün də dezinformasiyaların hədəfi oluruq. Sərnişin təyyarəmizin Rusiya ərazisində vurulması və digər hadisələr ətrafında həyasızcasına, qəsdən yayılan xəbərlərdə az qala Azərbaycanın özü ittiham olunur. Rusiya mətbuatının həyasızlığı bu gün də davam edir.

Əvvəl ermənipərəst Sovet hökuməti başda cinayətkar prezident Mixail Qorbaçovun komandası olmaqla və ondan sonra hakimiyyətə gələn “demoktatlar” Azərbaycanı boğmağa və dünyadan təcrid etməyə, düşərgə daxilində baş verənlərin xaricə sızmaması üçün hər bir vasitədən istifadə etməyə cəhd göstərmişlər. Məhz bu məqsədlə 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğın bəşəriyyətdən gizli saxlamaq üçün ilk növbədə televiziya və radionun enerji blokunu partlatdılar. Ancaq zaman bir yerdə dayanmır, irəliyə gedirdi. Moskvanın süni surətdə ortalığa atdığı Qarabağ münaqişəsi 1991-ci ildə xalqlar həbsxanası olan SSRİ imperiyasının dağılmasına apardı. Ona görə də rejim zəiflədi, kommunist partiyası nüfuzdan düşdü, maska arxasından  “xilaskar ordu”nun yırtıcı vəhşi sifəti göründü və 70 il əzilmiş və repressiyalara məruz qoyulmuş xalqlar azadlıq uğrunda mübarizəyə qalxdı. Qeyd edək ki, bu mübarizənin önündə informasiya gedirdi. Çünki bu, vacib idi. Silahların, orduların aşa bilmədiyi sədləri real informasiyalar aşa bilirdi. Təkcə bir xarakterik fakt göstərməklə gərgin məqamlarda informasiyanın nə qədər dəyərli olduğunu görə bilərik.

Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev böyük məharətlə yararaq əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. Moskvada yaşayan dahi rəhbərimiz 20 Yanvar qırğınının cəllad yığnağı olan Sovet ordusu tərəfindən törədildiyini söyləmişdi. O zaman bu mövzuda həqiqəti söyləmək böyük cəsarət tələb edirdi.  Çünki Kremlin sirr saxladığı məxfi məlumatların xalqa açıq bildirilməsi kim olursa-olsun həyatı bahasına başa gələ bilərdi. Belə bir aqibət düşmənlərin arasında yaşayan Heydər Əliyevi də gözləyə bilərdi. Lakin Heydər Əliyev gözlənilmədən Moskvadakı dostlarının köməyi ilə Bakıya, oradan isə doğulduğu Naxçıvana gəldi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən İrana gəlmiş danimarkalı jurnalisti Naxçıvana dəvət edərək ona Azərbaycan həqiqətlərini əks etdirən qiymətli məlumatlar vermişdi. Bir neçə gündən sonra müsahibə dərc edilib yayılanda SSRİ-nin  yarıtmaz rəhbərləri mat və çarəsiz vəziyyətdə qalmışdılar.

Maraqlı faktdır ki, Ümummilli Liderimiz dünyanın hansı ölkəsinə səfər edirdisə özü ilə jurnalistləri də aparırdı. Xatırladaq ki, 1993-cü ilin iyununda Azərbaycanın parçalanması təhlükəsi qarşıda duranda Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya, buradan isə Gəncəyə qiyamçı Surət Hüseynovla görüşməyə gedəndə  tək deyil, məhz jurnalistlərlə getdi. Ümumiyyətlə, görkəmli dövlət xadimi mühüm məsələlərin müzakirələrində jurnalistlərin iştirakına önəm verirdi. Buna görə də jurnalistlər Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tuturlar.

Vəli İlyasov, “İki sahil”