22 iyul 2025 13:29
128

Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

İcmal büdcədə 4 milyard 764,2 milyon manat həcmində profisit yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 % çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 % çox) olub.

İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 % az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26 % çox) olub.

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (82,5 milyon manat və ya 7 % çox), xərcləri 1 milyard 015,4 milyon manat (219,9 milyon manat və ya 27,6 % çox) olub.

Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (427 milyon manat və ya 4,6 % az), xərcləri 7 milyard 264,8 milyon manat (862,1 milyon manat və ya 13,5 % çox) olub.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 % az), xərcləri 203,2 milyon manat (11,7 milyon manat və ya 6,1 % çox) olub.