23 iyul 2025 12:51
242

Geosiyasi reallıqların təqdimatı: Prezident İlham Əliyev Şuşadan dünyaya strateji mesajlar verdi

Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin səmimi, emosional və tarixi məqamlarla zəngin çıxışı hər bir azərbaycanlının yaddaşına və qəlbinə həkk olundu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarından biri, dövlətçiliyimizin memarı idi. Onun ideyaları, Vətənə və xalqa xidmət yolunda qoyduğu siyasi irs bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən strateji xəttə çevrilib. Cənab Prezident İlham Əliyev atasının vəsiyyətini yalnız ailəvi deyil, həm də milli əhd kimi qəbul edərək, bu müqəddəs vəzifəni misilsiz uzaqgörənlik, dəmir iradə və qətiyyətlə yerinə yetirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regional və qlobal siyasi gündəlikdə mühüm yer tutmağa davam edir. III Şuşa Qlobal Media Forumu çərçivəsində səsləndirilən fikirlər sadəcə Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetlərini deyil, həm də yeni dünya nizamında Azərbaycanın təşəbbüskar və prinsipial mövqeyini aydın şəkildə ortaya qoydu. Bu forumun üçüncü dəfə Qarabağ torpaqlarında, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi, Vətən müharibəsindən sonrakı siyasi reallığın təsdiqi olmaqla yanaşı, həm də milli iradənin təntənəsi, informasiya suverenliyinin və məntiqi diplomatiyanın nümayişidir.

Cənab Prezidentin çıxışında COP29-un ilin hadisəsi kimi qiymətləndirilməsi, Azərbaycanın iqlim diplomatiyasındakı önəmli rolunun sübutudur. “Yaşıl Keçid Proqramı” ilə yanaşı, inkişaf edən kiçik dövlətlərə dəstək çağırışı, Azərbaycanın yalnız milli maraqlarına deyil, həm də qlobal ədalətə sadiqliyini göstərir. Bu həm də postmünaqişə dövründə Azərbaycanın regiondakı sabitlik, təhlükəsizlik və inkişaf üçün yeni bir ekoloji və iqtisadi düzən yaratmaq istəyi ilə əlaqədardır.

Prezidentin çıxışında vurğuladığı ən güclü və emosional tezislərdən biri, illərlə ümidlə yaşayan keçmiş köçkünlərimizin gözlərində azalan inamla bağlı idi: “Ədalətə inamım demək olar ki, itmişdi. Amma bizim Qələbəmiz göstərdi ki, ədalət var – sadəcə, ona nail olmaq lazımdır.” Bu sözlər, bütün xalqın keçdiyi sınaqların, itkilərin və nəhayət, Zəfərin fəlsəfi izahıdır. Prezidentin “heç vaxt təslim olmamaq” çağırışı, millətin həmrəyliyi, Prezident-Xalq birliyi və dövlətçilik əzmi kontekstində mühüm əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı Qərb mediasının və ictimai rəyin Azərbaycana qarşı ədalətsiz münasibətini açıq şəkildə tənqid edərək bildirdi: “Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik.” Bu fikir Azərbaycanın müstəqil siyasət yürütmək qətiyyətini, milli maraqları beynəlxalq təsirlərdən üstün tutmaq prinsipini və geosiyasi təzyiqlərə qarşı dayanıqlı mövqeyini əks etdirir. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasəti və bu siyasətin Cənubi Qafqazda yaratdığı fəsadlar aydın şəkildə dilə gətirildi. Ermənistanın tranzit ölkəyə çevrilmək şansının sıfıra yaxınlaşdığı bildirilərək, regionun gələcək iqtisadi xəritəsində Azərbaycanın əsas aktor olaraq qalacağı mesajı verildi.

Ölkə rəhbərimimizin Çin, Özbəkistan və digər ölkələrlə əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın balanslı, çoxqütblü xarici siyasət kursunun davam etdiyini təsdiqləyir. Çin şirkətləri ilə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və ECO çərçivəsində Xankəndidə Zirvə görüşünün keçirilməsi, Ölkəmizin regional liderlik iddiasının real əsaslara söykəndiyini göstərir. ABŞ-la bağlı çıxışlarda da diqqətəlayiq məqamlar yer aldı. Tramp Administrasiyası dövründəki yaxınlaşma, ermənipərəst lobbinin təsiri ilə tətbiq olunan ədalətsiz sanksiyalar, eləcə də ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılacağına dair optimist proqnozlar, siyasi rasionalizm və diplomatik uzaqgörənliyin təzahürüdür.

Forum çərçivəsində Zəngəzur dəhlizi barədə səsləndirilən fikirlər bütövlükdə Azərbaycanın strateji baxışını və regional liderliyini əks etdirirdi. Möhtərəm Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bu arteriya yalnız Azərbaycanın maraqlarına xidmət etmir, eyni zamanda bir çox ölkələr üçün yeni imkanlar yaradır. Bu, Azərbaycanın təkcə tranzit ölkə deyil, logistika və enerji qovşağına çevrilməsi yolunda atdığı növbəti sistemli addımdır.

Ən əsası isə odur ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Naxçıvanın birbaşa quru bağlantısı yaranacaq, bu isə Türk dünyasının inteqrasiyasında dönüş nöqtəsi sayılır. Bu layihə gerçəkləşdikcə Cənubi Qafqazda sülhün və əməkdaşlığın əsas dayaqlarından biri formalaşacaq. Zəngəzur dəhlizi ilə bağlı deyilənlər, yalnız Azərbaycan üçün deyil,  bütün region üçün iqtisadi və geosiyasi transformasiyanın rəmzi kimi dəyərləndirilməlidir. Bu dəhliz,  Asiya ilə Avropanı birləşdirən strateji arteriya olmaqla, ölkəmizin tranzit potensialını və logistik imkanlarını qat-qat artıracaq.

Forumun keçirildiyi günlərdə Azərbaycan milli mətbuatının 150 illiyi də qeyd olunur. Prezidentin “obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq” fikri, azad mətbuatın demokratik cəmiyyətin dayağı olduğunu bir daha təsdiqlədi. Bu, həm də Azərbaycan mətbuatına olan yüksək inamın, mətbuatın dövlətçilik mövqeyindən çıxış etməsinin, informasiya savaşında milli maraqları qorumaq vəzifəsinin bir çağırışıdır.

Prezident İlham Əliyevin xarici jurnalistlərə verdiyi cavablar dünya mətbuatında geniş əks-səda doğurub. Forum çərçivəsində Prezidentimiz beynəlxalq jurnalistlərin suallarına verdiyi qətiyyətli və əsaslı cavablar, yalnız Azərbaycan ictimaiyyətində deyil, eyni zamanda beynəlxalq informasiya məkanında da böyük rezonans doğurmuşdur. Dövlət başçımızın hər bir sualı dəqiqliklə cavablandırması, açıq və prinsipial mövqeyi, xüsusilə regional və qlobal proseslərə dair verdiyi mesajlar bir daha göstərdi ki, Prezident İlham Əliyev həm milli maraqların qətiyyətli müdafiəçisidir, həm də beynəlxalq tribunalarda söz sahibidir.

Xarici media orqanlarında bu çıxışların geniş şəkildə işıqlandırılması və müsbət dəyərləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və informasiya müharibəsində daha da gücləndiyini sübut edir. Prezident İlham Əliyevin obyektiv, arqumentli və siyasi uzaqgörənliklə yanaşmaları, ölkəmizin haqq səsini dünyaya çatdırmaqda nə qədər prinsipial və ardıcıl olduğunu bir daha təsdiq etmiş oldu.

Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinə, postmünaqişə dövründə regional sülh və əməkdaşlıq təşəbbüslərinə dair verilən cavablar, həm ekspert çevrələrində, həm də diplomatik dairələrdə ciddi təhlil olunmaqdadır. Bu, onu göstərir ki, Azərbaycan Prezidentinin sülh çağırışları və tarixi faktlara söykənən arqumentləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir və dəyərləndirilir.

Əminliklə qeyd etmək istərdim ki, bu çıxışlar Azərbaycanın informasiya suverenliyinin qorunmasında, qlobal mətbuatda haqq mövqeyimizin daha geniş yayılmasında əvəzsiz rol oynayır. Mətbuat, xüsusilə beynəlxalq media platformalarında ölkəmizin mövqeyinin obyektiv şəkildə çatdırılması üçün belə qətiyyətli və əsaslandırılmış lider çıxışları xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, Şuşa Qlobal Media Forumu və Prezidentin çıxışları, həm informasiya savaşında, həm də siyasi diplomatiyada Azərbaycanın üstünlüyünü nümayiş etdirən mühüm hadisə kimi tarixə düşdü.

 

Bu gün Prezident İlham Əliyevin timsalında biz təkcə siyasi varisi deyil, mənəvi varisi də görürük. Onun atasına verdiyi sözə sadiqliyi, xalq qarşısındakı məsuliyyəti necə daşıdığı bir daha göstərdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Hicran Hüseynova