30 iyul 2025 12:02
169

Nazirlik üzərlik bitkisi ilə sərhədi keçmək istəyən şəxslərə xəbərdarlıq edib

Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.

Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən Azərbaycana gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb.

Bildirilib ki, tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikaya gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparılır.