16 avqust 2025 21:17
130

KİV: Tramp Ukraynanın ərazi güzəştlərini müharibəni bitirmək üçün vacib hesab edir

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün ərazilərin mübadiləsi ideyasına qayıdır.

“İki sahil” xəbər verir ki, bu barədə iki yüksək rütbəli avropalı məmura istinadən "The New York Times" qəzeti yazıb.

Mənbələrin məlumatına görə, Alyaskada Putinlə görüşdən sonra Ağ Ev rəhbəri Avropa İttifaqı (Aİ) liderlərinə sülh sazişinin bağlanması üçün rus qoşunlarının nəzarətində olmayan ərazilərin Ukraynaya verilməsi planını dəstəklədiyini bildirib. Halbuki o, əvvəllər Moskvadan dərhal atəşkəs tələb edəcəyini bildirmişdi.

“ABŞ prezidenti hesab edir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Donbas regionunun qalan hissəsini, hətta Rusiya qoşunları tərəfindən işğal olunmayan əraziləri belə Rusiyaya verməyə razılaşarsa, sülh sazişi tezliklə bağlana bilər”, – məqalədə bildirilir.

Vurğulanır ki, ABŞ prezidentinin son bəyanatları onun ötən həftə avropalı müttəfiqləri ilə razılaşdığı bir çox şeyin rədd edilməsidir.

Rəsmilərin bildirdiyinə görə, Tramp bazar ertəsi planı müzakirə etmək üçün Avropa liderlərini və Zelenskini Ağ Evə dəvət edib.

Zelenski və Avropa liderləri mühüm müdafiə xətləri və mineral sərvətləri ehtiva edən işğal olunmamış torpaqların belə verilməsinə qəti şəkildə qarşı çıxıblar. Ukrayna rəsmiləri bildiriblər ki, yekun razılaşmaya Kiyevin Ukraynanın hər hansı suveren ərazisinin daimi olaraq verilməsinə razılıq daxil ola bilməz. Çünki bu, ölkənin konstitusiyasını pozacaq.

Mənbələr bildiriblər ki, Putin cavab olaraq Ukraynanın qalan hissəsində hazırkı döyüş xəttində atəşkəs təklif edib və Ukraynaya və ya heç bir Avropa ölkəsinə bir daha hücum etməyəcəyinə dair yazılı söz verib. Onlar Trampın diqqətinə çatdırıblar ki, Putin tez-tez yazılı öhdəliklərini pozub.

Ukraynanın öz ərazisi ilə bağlı qərarlar verəcəyini vurğulayan rəsmilər beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməməsinin lazım olduğunu vurğulayıblar.