Bu gün İran prezidenti Məsud Pezeşkian ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşdə iki tərəf arasında ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş barədə, həmçinin Zəngəzur dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb. Maraqlıdır, İran tərəfi bu məsələdə niyə bu qədər maraqlıdır və ABŞ vasitəçiliyinə reaksiya necədir?
“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Müşviq Məmmədli bildirib ki, hazırda İranda iki mövqeni təmsil edən qüvvələr mövcuddur.
“Ümumən İranın Zəngəzur dəhlizi məsələsində 30 il ərzində nümayiş etdirdiyi mövqe ilə Azərbaycanın yaratdığı yeni reallıqdan sonrakı mövqeyi müqayisə etdikdə, bu proseslər barədə bir neçə fikir söyləmək olar. Belə görünür ki, İranda hazırda iki tərəf və iki fikir mövcuddur. Birinci tərəf sərt mövqeli qüvvələrdir ki, proseslərə mane olmağa, İranın və Rusiyanın dominantlığına qarşı addımların atılmamasına və bütün məsələlərin məhz İran-Rusiya xətti ilə həll olunmasına çalışırlar. Digər tərəf isə Pezeşkianın təmsil etdiyi, daha yumşaq yanaşan siyasi qüvvələrdir. Xüsusən, İranın İsraillə 12 günlük münaqişəsi, ABŞ-nin bu məsələdə İsrail tərəfini dəstəkləməsi və nəticədə İranın uğursuzluğa məruz qalması, eyni zamanda “şiə hilalı” layihəsinin iflasa uğraması mülayim xətt tərəfdarlarının sayını artırdı. Bu isə regionda ABŞ-nin iştirakına, həmçinin yeni əməkdaşlıqların yaranmasına zəmin yaradır. Ermənistanın Baş naziri ilə keçirilən görüşü isə mülayim xətt tərəfdarlarının təşəbbüsü ələ alması istiqamətində bir addım kimi qiymətləndirmək olar”.
Deputat həmçinin beynəlxalq ictimaiyyətin, eləcə də İran tərəfinin tədricən reallıqla barışacağını qeyd edib.
“Burada resursların – maddi, hərbi, siyasi baxımdan məhdudluğu, həm də Azərbaycanın regionda söz sahibi olan bir dövlət kimi mövqeyi fonunda destruktiv düşüncəyə sahib qüvvələr artıq öz mövqelərinin qeyri-mümkün olduğunu həm beynəlxalq ictimaiyyət, həm də İran tərəfi qarşısında görməyə başlayır. Tədricən biz bu reallıqla barışılmasının şahidi olacağıq”, – deyə deputat bildirib.