Rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də Cənubi Qafqaz regionunun çiçəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Washington Examiner"ə müsahibəsində deyib.
"Biz strateji yanaşma gördük. Təbii ki, Prezident Tramp əsl lider və əsl sülhməramlıdır. Məhz buna görə də ilk vaxtlardan onun seçilməsindən sonra biz əmin idik ki, təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişafın təmin edilməsi üçün səylər göstəriləcək", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Bakı və İrəvan üç ilə yaxındır ki, sülh sazişi istiqamətində çox səmərəli iş görüblər.
"Lakin sülh sazişinin bağlanması üçün kömək edə biləcək dünya lideri lazım idi. Və sonra, sözün əsl mənasında, altı ay əvvəl, Prezident Tramp seçildikdən sonra sülh gətirmək istəyən bir dünya lideri meydana çıxdı", - səfir bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in mətnini paraflayıblar.