23 avqust 2025 01:57
111

«Kağızsız hökumət»ə keçid sürətlənir

Bu sistemin tətbiqi şəffaflığın təmin edilməsinə və bürokratiyanın sıfırlanmasına xidmət edir

Çağdaş dövrün tələblərindən biri də kağızdan istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsidir. Buna isə  «Kağızsız hökumət»ə keçid deyilir. Eyni zamanda. Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemi məhz belə formalaşdırılır. Xatırladaq ki, RSD altsistemi Azərbaycan Prezidentinin 1 avqust 2023-cü il tarixli  Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən Fərmanın icrası çərçivəsində indiyədək dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1800-dən çox qurum inteqrasiya olunub. «Kağızsız hökumət»ə keçid çərçivəsində RSD altsisteminə uğurlu inteqrasiyalar aparılıb. 2024-cü ildə bütün məhkəmələr və bütün yerli icra hakimiyyəti orqanları RSD-yə inteqrasiya olunub.

RSD –yə  keçid ildə 1 milyon vərəqə qənaət deməkdir ki, bu da iki  minə yaxın ağacın qorunmasıdır

RSD ilə dövlət qurumları arasında sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada, rəqəmsal olaraq aparılır. Bu inteqrasiya inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır. 2024-cü ildə RSD vasitəsilə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi sayəsində aylıq qənaət edilən kağız miqdarı əhəmiyyətli dərəcədə artıb. Əvvəllər bu say 500 min vərəq idisə, hazırda aylıq qənaət 2 dəfə artaraq 1 milyondan çox vərəq təşkil edir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Növbəti dövrlərdə də qənaət edilən vərəq sayı artmaqda davam edəcək.

RSD ilə yanaşı «Digital Bridge» – Milli Məlumat Mübadiləsi Sistemi də «Kağızsız hökumət»ə keçid istiqamətində effektiv nəticələr göstərib. 2024-cü ildə «Digital Bridge» vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı artıq 1 milyardı keçib. Eyni zamanda, cari ildə Milli Məlumat Mübadiləsi Sisteminin yenilənmiş versiyası istismara buraxılıb. Bu yeni versiya sayəsində dövlət qurumlarının məlumat mübadiləsi tam rəqəmsal və daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

2024-cü ildə «mygov» yenilənmiş versiyası da  vətəndaşların istifadəsinə verildi. Bu versiya özü ilə bərabər ölkənin rəqəmsal inkişafında mühüm irəliləyişlərə yol açan funksionallıqlar gətirdi. Bu da öz növbəsində vətəndaşlarla dövlət arasındakı kommunikasiyada kağız sərfiyyatını minimuma endirməyi hədəfləyir. Azərbaycan Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi və bir sıra sənədlərin (doğum, ölüm, nikah haqqında şəhadətnamə) rəqəmsal versiyası artıq fiziki versiyası ilə bərabər hüquqa malikdir. Bununla da artıq vətəndaşlar xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqələrini və digər sənədlərini «mygov» üzərindən təqdim edə bilərlər.

Daha bir önəmli  xidmət «mygov»a inteqrasiya olundu. Artıq vətəndaşlar nikahın qeydiyyatı və yeni doğulmuş övladının doğum şəhadətnaməsi üçün heç yerə getmədən «mygov» üzərindən müraciət edə bilirlər. Bununla yanaşı, xüsusilə iş yerlərində vətəndaşlardan tələb olunan məhkumluq haqqında arayışı da rəqəmsal formada «mygov»dan əldə etmək mümkündür. Proses bununla da bitmir, iş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır. Əvəzində,  arayış hazır olan zaman onun nüsxəsi iş yerinə rəqəmsal qaydada ötürülür. Bütün bu rəqəmsal xidmətlər öz növbəsində ölkənin rəqəmsal inkişafına, eləcə də «Kağızsız hökumət»ə keçidinə müsbət təsirlərini göstərir.

Kağızdan asılılığın azalması sahibkarların iş yükünü xeyli yüngülləşdirir və onların fəaliyyətlərini daha səmərəli edir

«Kağızsız hökumət»dən yararlanan  biznesmenlər işlərinin səmərəliliyini və gəlirlərinin yüksəldilməsinə də nail olurlar. Çünki bu format sürət və rahatlıq baxımından böyük yeniliklər təqdim edir, eyni zamanda, sənədləşmə proseslərinin avtomatlaşdırılması ilə işlərin effektivliyini artırır. Kağızdan asılılığın azalması sahibkarların iş yükünü xeyli yüngülləşdirir və onların fəaliyyətlərini  daha səmərəli edir. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində dövlət qurumları ilə əlaqələr daha sürətli və daha şəffaf şəkildə həyata keçirilir. Sənədlərə və məlumatlara rəqəmsal formada çıxış imkanı əldə edilir ki, bu da təsdiqləmə və müraciətlərin qısa zamanda həll olunmasına kömək edir.

Hazırda ASAN xidmətlərdə «Kağızsız hökumət»ə geniş yer verilir. Eyni zamanda, səhiyyə müəssisələrində xəstəlik haqqında arayışlar da artıq elektron formada müəsissələrə göndərilir. Təhsil Nazirliyində tələbələrin yerdəyişmələri, uşaq bağçalarına yerləşdirmələr onlayn qaydada həyata keçirilir. Bundan başqa, bir çox dövlət müəssisələrində vətəndaşın arayış və məlumat istəkləri də elektron formada onların mobil telefonlarına və  «mail.ru»larına «sms» kimi göndərilir.

Düzdür, «Kağızsız hökumət» istiqamətində aktiv və səmərəli işlər getsə də hələ də ölkə müəssisələrinin hamısını əhatə etmir. Halbuki, bu proseslərin daha səmərəli və dayanıqlı şəkildə həyata keçirilməsi üçün koordinasiyanın artırılması vacibdir. Hazırda səhiyyə, təhsil, ədliyyə, idxal, ixrac, tranzit, sosial xidmətlər, hərbi, ekologiya kimi sahələrdə bu yanaşma əsasında işlər davam etdirilir. Məhz bu prosesin yekununda Azərbaycanda «Kağızsız hökumət» modelinin tam tətbiqinə nail olunacağı gözlənilir.

Əslində, «Kağızsız hökumət»ə keçid sistemi şəffaflığın təmin edilməsi və bürokratiyanın sıfırlanmasına xidmət edir. Təbii ki, bu  istiqamətdə görülən işlər Azərbaycanın elektron hökumətin inkişafı üzrə beynəlxalq reytinqlərinin yüksəlməsinə də müsbət təsir edir. İndi bu sahədə MDB-də ilk yerlərdəyik.

Elçin Zaman, «İki sahil»