Milli Məclisin deputatı: UNICEF-in fəaliyyətini dayandırması Azərbaycan kontekstində hər hansı mənfi tendensiyaya səbəb olacaq bir addım deyil
1993-cü ildən Azərbaycanla sıx əməkdaşlıq edən BMT-nin Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNICEF-United Nations International Children’s Emergency Fund) sentyabrın 3-də ölkəmizdəki fəaliyyətini başa vuracaq. UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur bildirib ki, UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək. Bu isə o deməkdir ki, sözügedən qurumla əməkdaşlıq strukturu yeni mərhələyə keçir.
Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüşü çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini bildirmişdi. Həmçinin vurğulamışdı ki, dövrün tələblərinə uyğun olaraq BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlıq prioritet təşkil edir və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, yəni birbaşa mənzil qərargahları ilə işləməklə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, UNICEF-in ölkəmizdəki fəaliyyətinin əsas sahələrindən biri uşaq hüquqlarının qorunması olub. Belə ki, sözügedən qurum hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə bu istiqamətdə bir sıra layihələrə imza atılıb. Şübhəsiz, UNICEF-in ölkəmizdəki fəaliyyətinin dayandırılması ölkəmizin sosial və iqtisadi inkişaf sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişin nəticəsidir. Bu mənada demək olar ki, UNICEF-in missiyasının başa çatması Azərbaycanın sosial inkişafda suverenliyini möhkəmləndirən haqlı və məntiqli nəticədir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, UNICEF uzun illər Azərbaycanda uşaq hüquqlarının qorunması, sağlamlıq, təhsil və sosial rifah sahələrində mühüm missiya yerinə yetirib: ”Bu illər ərzində həyata keçirilən layihələr ölkəmizdə uşaqların həyat keyfiyyətinin yüksəldilməsinə, onların hüquqlarının təmininə və sosial müdafiə sisteminin gücləndirilməsinə ciddi töhfə verib. Xüsusilə peyvəndləmə proqramlarının genişləndirilməsi, uşaq ölüm hallarının qarşısının alınması, risk qrupuna daxil olan uşaqların təhsil imkanlarının artırılması, erkən inkişaf mərkəzlərinin yaradılması, ana və uşaq sağlamlığının müdafiəsi sahəsində icra olunan təşəbbüslər UNICEF-in fəaliyyətində mühüm yer tutub”.
Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, bundan başqa, uşaq hüquqlarının müdafiəsi istiqamətində aparılan maarifləndirmə kampaniyaları, uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün hazırlanmış proqramlar və qanunvericiliyin təkmilləşdirilməsinə verilən texniki dəstək UNICEF-in Azərbaycandakı irsinin əsas hissəsidir: “Lakin keçən müddət ərzində, xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra təşkilat tərəfindən, eyni zamanda, onların İrəvandakı nümayəndəliyinin Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi qurumun ölkəmizdəki reputasiyasına mənfi təsir göstərmişdir”.
Günay Ağamalının fikrincə, ökəmizdə mövcud qanunvericilik bazası kifayət qədər təkmilləşdirilmişdir və bu istiqamətdə ardıcıl işlər görülməkdədir: “UNICEF-in fəaliyyətini dayandırması Azərbaycan kontekstində hər hansı mənfi tendensiyalara səbəb olacaq bir addım deyil”.
Qvami Məhəbbətoğlu, “İki sahil”