23 avqust 2025 22:22
121

Nazirlik: Ukraynada 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var

Dnepropetrovsk və Donetsk vilayətlərində 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var. Bunlar təhlükəli ərazilərdə yaşayan insanlardır.

“İki sahil” Ukraynanın İcmaların və Ərazilərin İnkişaf Nazirliyinin “Facebook” sosial şəbəkəsində paylaşımına istinadla xəbər verir ki, bu il iyunun 1-dən avqustun 22-dək iki regiondan 64 mindən çox insan təxliyə edilib. Eyni zamanda, hələ də təxliyəyə ehtiyacı olanlar var və onların çoxu uşaqdır.

"Daha 237 min insanın təxliyəyə ehtiyacı var - bunlar təhlükəli ərazilərdə yaşamaqda davam edən insanlardır, onların təxminən 17 200-i uşaqlardır”, - deyə məlumatda qeyd olunur.

Məlumata görə, Pavloqradda (Dnepropetrovsk vilayəti) tranzit məntəqəsi təxliyə üçün əsas məntəqələrdəndir. Bundan əlavə, Lozovayada (Xarkov vilayəti) yeni məntəqə fəaliyyət göstərir və Volosskda (Dnepropetrovsk vilayəti) daha bir məntəqə işə başlayacaq. Lozovaya tranzit məntəqəsi 244 nəfəri qəbul edə bilər və fəaliyyət göstərdiyi üç gün ərzində burada artıq 224 vətəndaşa hərtərəfli yardım göstərilib.

İcmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın sözlərinə görə, bölgələrin hər birinin tərəfdaşı - qəbul edən bölgə var. Rovno, Kirovoqrad və Kiyev vilayətləri artıq təxliyə edilənləri qəbul edir. Vinnitsa və Poltava vilayətləri zərurət yarandığı halda, məcburi köçkünləri qəbul etməyə hazırlaşır.

“Biz tranzit məntəqələrinin işini yenidən formatlaşdıracağıq ki, onlar yalnız müvəqqəti funksiyanı yerinə yetirsinlər və insanlar 24 saat ərzində daha təhlükəsiz bölgələrə keçə bilsinlər”, - deyə Kuleba vurğulayıb.

İdarədən onu da əlavə ediblər ki, təxliyə qatarları fəaliyyətini davam etdirir. Avqustun 15-dən etibarən 430-dan çox insan Kiyev, Lvov və Rovnoya təxliyə edilib. Növbəti marşrutlar da nəzərdə tutulub və əlavə qatarlar ayrılıb.

Ukraynanın Sosial Siyasət, Ailə və Birlik Nazirliyi hərəkət imkanları məhdud 2 min nəfər üçün müvəqqəti yerləşdirmə məkanlarının təşkili üzərində işləyir. Bundan əlavə, tibbi yardıma ehtiyacı olan hərəkət qabiliyyəti məhdud şəxslərin ixtisaslaşdırılmış xəstəxanalara birbaşa daşınmasını təmin etmək lazımdır.