Avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günüdür
Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.
Azərbaycan lideri qeyd edib ki, hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir: “Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir. Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirən V.Zelenski bu təbrikə belə reaksiya verib: “Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub: “Dost Ukrayna və onun xalqını Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edirik! Müstəqillik gününüz mübarək, Ukrayna!”
Xatırladaq ki, hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib. Bundan başqa, ümumilikdə 300-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Bu il ərzində yeni qrupların da ölkəmizə göndəriləcəyi planlaşdırılır. Onu da bildirək ki, Azərbaycanın bu mövqeyi Ukraynada da yüksək qiymətləndirilir.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı hərbi müdaxiləsi yeni humanitar böhran yaradıb. Milyonlar¬la insan evini tərk etməyə məcbur olub, minlərlə dinc sakin həyatını itirib, uşaqlar isə psixoloji və sosial travmalarla üz-üzə qalıb. Belə bir vəziyyətdə Azərbay¬can öz humanitar diplomatiyasını yenidən ortaya qoyub. Yüz tonlarla ərzaq, tibbi ləvazimat, isti geyim və dərman preparatları, həmçinin elektrik avadanlıqları Ukrayna xalqına çatdırılıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”