25 avqust 2025 10:47
153

Xalq ömrünü Vətən üçün yaşayanları sevir

Tarix min illərdi, yüz illərdi, on illərdi...

Tarix min illərin, yüz illərin, on illərin o üzündə qalan hadisələrdi, faktlardı. O hadisələri xalqın, dövlətin, dövlətçiliyin adına yazan tarixi şəxsiyyətlər tarixin axa­rı­nı yönləndirə də bilir. Buna qüdrət deyirlər. Tomris, Sara xatun kimi qadın siyasi xadimlər tarixə bir gerçəklik də diqtə etdilər: Bu xalq tarixlə tarix dilində danışmağı bacarıb, bacarır, bacaracaq!..

Günümüzün gerçəklikləri də belədi...

Azərbaycan cənab İlham Əliyevin böyük siyasi qüdrəti ilə dünya dövlətləri sı­ra­sında qürurla “Varıq, var olacağıq!” deyir. Mahiyyəti azərbaycançılıqdı. Dövlət­çiliyin daha da möhkəmləndirilməsində cənab İlham Əliyevin siyasi kursu əsasında həyata keçirilən müxtəlif miqyaslı, müxtəlif mahiyyətli beynəlxalq tədbirlər dövlət siyasətinin tərkib hissələrindəndir. Bu siyasəti də siyasi xadim həyata keçirir. Bu si­­­yasi xadim UNESCO-nun Xoşməramlı səfiri, “Heydər Əliyev Fondu”nun prezi­den­ti, Birinci vitse-prezident Meh­ri­ban xanım Əliyevadır...

Mehriban xanım Arif qızı Əliyeva ixtisasca həkimdir, İ.M.Seçenov adına Birin­ci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bu seçim insanların sağlam­lı­ğının xidmətində dayanmaq niyyəti olub. Dünyaduyumu, dünyaya fəlsəfi baxış, döv­lət­lərarası müna­si­bət­lərin anatomiyasına bələdlik, dövlətçiliyin tarixi və müasir mis­siyalarına vaqiflik onun düşüncələrini siyasətə yönəldib. Vətən naminə, dövlətçilik na­mi­nə, dövlət na­minə. Rəhbərlik etdiyi “Heydər Əliyev Fondu” Azərbaycanda sosial pro­­seslərin elmi əsaslarla, milli-xəlqi prinsiplər əsasında aparılmasını formalaşdırırdı. Xalq əmin oldu ki. “Heydər Əliyev Fondu” Azərbaycanın daxili siyasətini vətəndaşlıq amilinə böyük sə­da­qətlə koordinasiya edir. Xalq əmin oldu ki, bu Fond dövlətçilik tə­si­satıdır, xalqın Fondudur...

Mehriban xanım Əliyeva üçün bir həyat fəlsəfəsi var: Ömrü Azərbaycan üçün yaşamaq! UNESCO olduqca nüfuzlu beynəlxalq təşkilatdır. Bu təşkilat zamanında bə­şəri niyyətlərin mühafizə işığı olub. Onda bu təşkilat səmimiyyətlə Azərbaycanı da, Azərbaycandan Mehriban xanım Əliyevanı da özünün fəaliyyətinin qətiyyətli­yi şəbəkəsinə dəvət edib. İllər sonrası səmimiyyətlə belə bir nüfuzlu təşkilatdakı və­zi­fə­sindən imtina edib. Vətən naminə! İşğaldan azad edilmiş ərazilərdə quruculuq iş­lə­rində daha fəal, sistemli, koordinasiyalı fəaliyyət göstərmək üçün. Tomrislik bu­dur! Sara xatunluq budur!..

“Daş ürəklərdə yanıb daşları sındıran, Haqqa düşmən olanı Haqqa tapındıran muğam” (B.Vahabzadə) min illərdi xalqın musiqi dünyasının səyyarəsidi. Yaşadılıb, təqiblərdən, qadağalardan qoruna-qoruna günümüzə çatdırılıb. Onun dünənlərini tarix­ləş­dirmək, sabahlarını təmin etmək kimi xəlqi bir vəzifəni də Mehriban xanım Əliye­va­nın təşəbbüsü ilə “Heydər Əliyev Fondu” yerinə yetirdi.

“Heydər Əliyev Fondu”nun dəstəyi ilə Azərbaycanda 2005-cı ildən təşkil edilən muğam müsabiqəsi bu il doqquzuncu dəfə dünyanı heyrətləndirdi. Müsabiqələrdə dün­ya ictimaiy­yə­ti­nə muğamların yaranması tarixi də xatırladılır, inkişaf mərhələləri də, cəfakeşləri də bir daha tanıdılır, ifalara ustad münasibətləri mahiyyət baxımından tele-dərslər olur. Bu gərəkli müsabiqə həm muğamın yaşadılması, inkişaf etdirilməsi ilə məhdudlaşmır, həm də xalqa, xalqın tarixinə çox böyük xidmətdir...

Ötən  müsabiqlərin birində eşitdiyimiz bir fikir də tarixə tarixi münasibətin ifadəsi kimi səslənmişdi: “Muğamı yaşatmaq tarixi yaşatmaqdır. Mehriban xanım yaşanılmış tarixi yenidən yaşadır. Bu niyyətə Seyidin, İslamın, Keçəçioğlunun, Cabbarın, Xanın, ... ruhu da minnətdardı...”. Xalqın adından deyilmişdi. Müsabiqələrin qalibləri Azər­bay­­can muğamlarını dünayda böyük sevgilərlə təbliğ etməkdədir. Bu təbliğin yaradı­cı­sı, təşkilatçısı Mehriban xanım Əliyevanın xalqa sevgisidi, dünənlərimizə sədaqətidi, sa­bah­larımıza ehtiramıdı...

Bir həyat fəlsəfəsi bəşərə “Sev ki, seviləsən” deyir. Dövlətçiliyini sevənlər, döv­lətini sevənlər, xalqını sevənlər isə daha dəruni məhəbbətlə sevilir. Xalqın Mehri­ban xanım Əliyevaya sevgisi belə sevgidi. Olimpiya Oyunlarında Olimpiya kəndlə­rin­də hər idmançı onun azərbaycançılığa söykənən öyüdlərini qələbə ruhuna xeyir-dua bi­lirdi. Meh­riban xanımı Bakıda keçirilən beynəlxalq yarışlarda da, Avropa və dünya birin­ci­liklərində də arenalarda görən idmançıların qələbə əzmi kükrəyirdi, qaliblərin şükranlıq baxışları sanki dövlət başçımıza, birinci vitse-prezidentə deyirdi: “Eti­ma­dı­nı­zı doğrult­duq...”...

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il fev­ralın  21-də imzaladığı sərəncamla Birinci vitse-prezident təyin edildi. Vitse-prezident hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezident­dən son­ra ikinci məsul şəxs hesab edilir. Bu baxımdan Mehriban xanım Əliyevanın dövlət­çilik fəaliyyəti bilvasitə dövlətin suverenliyini, dövlət sərhədlərinin ciddi müha­fi­zə­sini, döv­lət orqanlarının, dövlət təsisatlarının fəaliyyətinin dövlətçilik baxımndan daha da yük­səl­dil­mə­sini, bir-birini tamamlamasını və s. əhatələyir.

İkinci Qarabağ müharibəsi başlayanda xalq Azərbaycan Respublikasının Prezi­den­ti cənab İlham Əliyevin müraciətini döyüşlərə sərkərdə tövsiyəsi, döyüş əmrinin mə­nəvi davamı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” kəlamlarını Tomris, Sara xatun, ümumilikdə azərbaycanlı Ana xeyir-duası bildi. Döyüşənlərimiz döyüşlərə Ali Baş Komandanın qələbəyə əminliyinin, Birinci vitse-prezidentin dövlət adından dediklərini tarixlərdən gələn azərbaycançılıq qüdrətinin işığı bildi...

İkinci Qarabağ müharibəsinin gedişində Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti ilə birlikdə hospitallarda yaralılara baş çəkir, onların sağlamlığının narahatlığını qayğılarla, göstərilən diqqətlə yumşaldırdı. Yaralı heyi olsa da, olmasa da onu yoluxmağa gələnləri görəndə dikəlmək istəyirdi. Bu, böyük sevgiyə görə böyük ehtiram olurdu. Söhbətlər mahiyyət baxımından yaralı dö­yüş­çülərin məlhəminə dönürdü. Bu duyğusal ziyarətdən sonra döyüşlərə getmək istə­yən döyüşçülər də olurdu, son döyüşləri görə bilməmə ehtimalı neçə-neçə döyüşçünün kirpiklərini nəmləndirirdi. Bu, Mehriban xanımın diqqətindən yayınmırdı. Dö­yüşçüyə təsəlli verirdi: “Tezliklə sağalacaqsan...”, ümid verirdi: “Döyüşlərə qa­yı­dacaqsan”, qələbə ruhunu kükrədirdi: “Qələbə qazananların sırasında sən də olacaq­san!”...

Şuşa Azərbaycanın Mədəniyyət Mərkəzi kimi dünyanın diqqətini həm də Meh­ri­ban xanımın təşəbbüsü ilə keçirilən “Xarı Bülbül” muğam festivalı ilə də çəkdi. Ecazkar məkanda ecazkar ifalar dünyaya bir daha təsdiqlədi ki, Azərbaycan dünyəvi dövlət kimi  də yaşayacaq, dünyəvi musiqi ilə də, bu musiqi həmişə dünyanın heyrət ünvanı olacaq. Cıdır düzündən əsən yellər “Qarabağ şikəstəsi”nin, “Arazbarı”nın, ”Heyratı”nın, “Ras­t”ın, ... ritmini də, zəngulələri də yaxınlara-uzaqlara çatdıranda dünya gördü ki, azər­baycanlılar hansı sevgilərlə “Qarabağ, ay Qarabağ, ana yurdum!” deyir...

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayanda, şəhərlərin, kəndlə­rin, şəhərlərdə bu və ya digər müəssisənin özülü qoyulanda Birinci vitse-prezident Meh­riban xanım Əliyeva da olurdu. Xalq onun istəyinin, niyyətinin, arzusunun rəngini ay­dın­­lığıyla görürdü, onu da görürdü ki, bu istək, bu niyyət, bu arzu dövlətçiliyin istə­yi­di, niyyətidi, arzusudu...

Cəmiyyət şəhidlərə ehtiramı Vətənə ehtiram bilir.

Azərbaycan dövlətinin şəhidlərə diqqət və qayğısı istər mahiyyət baxımından, is­tər­sə məzmun baxımından, istərsə də miqyas baxımından ilbəil genişlənir. “Heydər Əli­yev Fondu”nun dövlət siyasətinin tələbləri ilə səsləşən fəaliyyəti də cəmiyyətdə ehti­ramla qarşılanır. Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrini ziyarət et­məyi təkcə Fondun deyil, təkcə vitse-prezidentin deyil, həm də vətəndaş olaraq özünün mənəvi borcu bilir.

Mehriban xanım Əliyeva xeyirxah insandır, azərbaycançılıq əqidəsi ilə ya­şayıb, azərbaycançılıq əqidəsi ilə yaşayır, dövlətə, dövlətçiliyə sədaqətlidir.

İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına, 2012-ci ildə tar ifaçılığı sənəti, 2018-ci ildə “Dədə Qorqud” dastan mədəniyyəti, nağılları və musiqisi, ... UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına Mehriban xanımın fəaliyyəti ilə daxil edildi!

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xəstəxanalar, klinikalar yaradılıb, Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemi­ya­sız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi əhə­miyyətli layihələr həyata keçirilib.

 “Türkiye” qəzetinin jurnalisti Yücel Koç yazırdı ki, “Mehriban xanımın baş­lıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Heydər Əliyev Fondun”un “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi əsasında təxminən 40-a qədər uşaq evi və inter­nat məktəbi əsaslı təmir edilib. 2014-cü ildə “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” yerinə yetirilməyə başladı...

Xalq ömrünü Vətən üçün yaşayanları tanıyr da, sevir də...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı